Ukrayna hökuməti Rusiyaya nota verdi

Mayın 18-i gecə saatlarında silahlılar Ukrayna Milli Qvardiyası döyüşçülərinin düşərgəsinə hücum ediblər. APA TV-nin məlumata görə, bu barədə daxili işlər naziri Arsen Avakov özünün "facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, ukraynalılar tərəfindən xəsarət alan yoxdur, qarşı tərəfdən isə bir nəfər ölüb, biri isə yaralanıb. "Yaralıya tibbi yardım edilib və daha sonra nəzarətə alınıb. Təhqiqat qrupu onu sorğuya çəkib" deyə Avakov yazıb. Ondan bir neçə saat əvvəl Kramatorskda aerodromda Ukrayna silahlıları ilə terrorçular arasında toqquşmalar baş verib. Xəsarət alanlar barədə məlumat yoxdur. Ukrayna-Rusiya dövlət sərhədində gərginləşən vəziyyətlə bağlı Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın xarici siyasət idarəsinə nota göndərib. Notada deyilir ki, son günlər sərhəddə baş verən insidentlər artıq sistemli xarakter alıb və həmin ərazilərdə yaşayan insanların həyatı üçün real təhlükə törədir. Ukrayna Xarici İşlər Nazirliyi vəziyyətin normallaşması və dövlət sərhədinin yenidən pozulmasının qarşısını almaq üçün Rusiyanı sərhəd idarələri arasında konstruktiv əməkdaşlığı mümkün qədər tez bir zamanda bərpa etməyə çağırıb. 

Müəllif | Apa.Tv
Apa.tv