"Gəncə - Avropa Gənclər Paytaxtı 2016" ilə bağlı təlimlər başladı
Gəncədə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016”ya hazırlıq çərçivəsində 8 günlük beynəlxalq təlimlərə başlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, təlimlər Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının dəstəyi ilə “İctimai işlərdə aktivlik-vətəndaşlıq təhsili” adı altında keçirilir. Xorvatiya, Gürcüstan, Ukrayna, Latviya, Polşa, Çexiya, Almaniya, İtaliya, Rumıniya və Türkiyə respublikalarından gəlmiş gənclər təlimlərə qatılıblar. Beynəlxalq təlimçi Sebastyan Şvaytser 10 ölkədən gələn gənclərin 2016-cı ildə Avropa Gənclər Paytaxtına hazırlıqla bağlı arzu və təkliflərini dinləyib.“Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev bildirib ki, Gəncə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi ölkəmiz və şəhər üçün çox böyük uğur, eyni zamanda böyük məsuliyyətdir. Təlimlər çərçivəsində ümumilikdə, 25-i yerli, 18-i beynəlxalq səviyyəli olmaqla 43 müxtəlif layihə həyata keçiriləcək.