Bərdədə Qarabağın ən böyük parkı salınır
Bərdədə bölgənin ən böyük istirahət parkı salınır. Əyləncə-istirahət guşəsi şəhəri iki hissəyə ayıran Tərtər çayı boyunca təxminən 3 kilometr ərazidə 36 hektar sahəni əhatə edir. Yaxın gələcəkdə sakinlər və şəhərin qonaqları asudə vaxtlarını yeni mərkəzdə keçirə biləcəklər. Parkda balaca uşaqlardan tutmuş yaşlı nəslin nümayəndələrinin istirahəti üçün guşələr yaradılıb. Gəzinti həvəskarları isə Tərtər çayı sahilində bulvarı seyr etmək imkanı qazanırlar. İndiyədək şəhərdə bu cür əyləncə mərkəzinin olmadığını deyən bərdəlilər istirahət üçün respublikanın başqa şəhərlərinə üz tutmalı olduqlarını söyləyirlər. Bura istirahətə gələnlər qədim Bərdənin qalıqları ilə də tanış ola biləcəklər. İndiyədək Tərtər çayının sularına sinə gərə bilən 13-cü əsrə aid körpüyə yaxından tamaşa etmək mümkün olacaq. Yaxın illərdə, parkın sahəsinin daha da artırılması nəzərdə tutulur.