Azərbaycana gələn yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb
Şimali Osetiyadan Gürcüstandan keçməklə Azərbaycana gələn iritonnajlı maşınlar sərhəddə qalıb. Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars nəzarət buraxılış məntəqəsi mayın 17-i səhər saatlarında Gürcüstan tərəfdən gələn güclü buzla qarışıq sel nəticəsində bağlanıb. Nəticədə Hərbi-Gürcüstan yolu və Terek çayının yatağı tutulub.
APA TV-nin xəbərinə görə, bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə idarəsinin mətbuat katibliyi yayıb. Daşqınlar səbəbindən Rusiya ilə Gürcüstan sərhəd keçid məntəqəsinin daha 2 həftə bağlı qala biləcəyi deyilir.
Bundan başqa, Rusiya tərəfdən Gürcüstana keçmək istəyən 70-ə yaxın yüklə dolu ağırtonnajlı maşınların tıxacı yaranıb. Bu nəqliyyat vasitələri əsasən Azərbaycan və Ermənistana yük daşıyır. Vladiqafqaz administrasiyası nəqliyyat vasitələrinin sürücülərini gecələmək üçün sığınacaqlarla və isti yeməklərlə təmin etdiklərini bildiriblər.