Azərbaycanda 130 min ailə ünvanlı sosial yardım alır
"Son 10 ildə ölkədə 99,8 faizi qeyri-neft sektorunda və 78,2 faizi regionlarda olmaqla 1 mln. 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə ölkədə işsizlik səviyyəsi 10,6 faizdən 5,0 faizədək, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb”.
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirliyin əsas fəaliyyət sahələrindən biri kimi ünvanlı dövlət sosial yardımı proqramının icrasından söz açan nazir hazırda 130 mindən artıq ailənin bu proqramdan faydalandığını bildirib.
Nazir bildirib ki, əmək bazarının formalmasına təsir edən müxtəlif amillər var: "İnkişaf etmiş dövlətlərdə əmək bazarında istehsal sahələrinin xüsusi çəkisi getdikcə azalır. Xidmət sahələrinin xüsusi çəkisi artır. İstənilən inkişaf etmiş ölkənin işçi qüvvəsinin tərkibinə baxsanız, əmək bazarında orda hardasa 55-45 nisbətində bir formalaşma var. MDB dövlətlərində Azərbaycan daxil olmaqla bu nisbət 51-49-dur".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyati dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda toplantı keçirilib. Əsas məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsinin aparılmasıdır.