Azərbaycanla Braziliya arasında ticarət əlaqələri genişlənir
"Azərbaycan və Braziliya gömrük sahəsində əməkdaşlıq müzakirə olunacaq".
APA TV-nin xəbərinə görə, bu məqsədlə Braziliya Gəlirlər İdarəsinin Gömrük xidmətinin direktoru Ernani Çekuçi Azərbaycana gəlib. Qonaq Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.
Dövlət Gömrük Komitəsində keçirilən görüşdə Aydın Əliyev bildirib ki, iki ölkə arasında ticarətin sadələşdirilməsi çox önəmlidir: "Cənubi Amerika ölkələrindən Braziliya Azərbaycanın hazırda ən iri xarici ticarət portnyorudur. İki tərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq".
Azərbaycanla Braziliya arasında ticarət əlaqələri ildən ilə artdığını deyən komitə sədri bildirib ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 183 milyon ABŞ dolları idisə, ötən il bu 360 milyonu keçib. Onun sözlərinə görə, Braziliyada istehsal olunan şəkər və digər istehlak malları Azərbaycan bazarlarında öz yerini tutub.
Aydın Əliyev bildirib ki, mayın 21-də Gömrük Universitetlərinin beynəlxalq şəbəkəsi ilə birgə Azərbaycan hökuməti tərəfindən təşkil olunmuş ilk konfrans keçiriləcək. Konfransda iştirak etmək üçün 64 ölkənin 200-ə qədər nümayəndəsi qeydiyyatdan keçib.