Azərbaycan Serbiyaya yardım göndərdi

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınları baş verən Serbiyaya yardım göndərib. APA TV-nin məlumatına görə, yardım yüklənmiş ilk təyyarə Serbiyaya yola salınıb. Yardımın yola salınması mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib. FHN-in maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım prezident İlham Əliyevin tapşırığı əsasında yola salınır. "Axşam saatlarında isə Bosniya və Herseqovinaya yardım yüklənmiş təyyarə yola salınacaq. Yardıma müxtəlif texniki avadanlıqlar, müxtəlif ölçülü motorlu qayıqlar, 260 ədəd çadır, ədyal, elektrik generatoru, su pompaları və sair daxildir". Serbiyaya göndərilən yardım Belqrada axşam saatlarında çatacaq, FHN və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək. Qeyd edək ki, Serbiyada və Bosniya və Herseqovinada baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, minlərlə insan evsiz-eşiksiz qalıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı