Ukraynada terrorçuların tərkibində döyüşən rusiyalı jurnalistlər yaxalandı -GÖRÜNTÜ
Ukrayna hərbçiləri Kramatorsk şəhərində xüsusi əməliyyat keçirib. Əməliyyatda hədəf şəhər aeroportuna silahlı hücum etməyi planlaşdıran silahlıları zərərsizləşdirmək olub. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hərbi əməliyyat zamanı silahlıların döyüş planı tamamilə məhv edilib, onların arasında olan və nəzərdə tutulmuş terror aktını "on-line" rejimdə işıqlandırmaq istəyən Rusiya vətəndaşları olan jurnalistlər isə saxlanılaraq Ukrayna hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Hazırda onların ifadələri alınır. Əməliyyat keçirilən ərazidə separatçıların silahları da hərbçilər tərəfindən ələ keçirilib. Silah-sursatın arasında hətta xarici istehsal olan zenit-raket kompleksi də aşkarlanıb. Belə qurğuya heç Ukrayna ordusunda rast gəlinmədiyi deyilir. Bu arada hadisəni Rusiya tərəfi də təsdiqləyib və Moskva saxlanılan jurnalistlərin dərhal azad olunmasını tələb edir.