Putin qoşunları Ukrayna sərhəddindən geri çəkir

Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki qoşunların geri çəkilməsi barədə göstəriş verib. APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezident Putin müdafiə naziri Sergey Şoyquya Rostov, Belqorod və Bryansk vilayətlərində təlimlərdə iştirak edən hərbi qüvvələrin öz daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verib. Kremlin açıqlamasında bildirilir ki, qoşunların əsasən Rostov, Belqorod və Bryansk vilayətlərindəki poliqonlarda keçirilən planlaşdırılmış yaz hazırlığının başa çatması ilə əlaqədar dövlət başçısı müdafiə nazirinə təlimlərdə iştirak edən qoşunların öz daimi dislokasiya yerlərinə qaytarılmaları və ətraf poliqonlarda hərbi hazırlığı davam etdirmək barədə komanda verib. Qeyd edək ki, ABŞ və Avropa Birliyi Rusiyadan öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini və Ukrayna daxilində separatçılığı qızışdırmaqdan vaz keçməsini tələb edərək Moskvanın gərginliyi azaldacaq addımlar atmayacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq olunacağını bəyan edirdilər.

 

Müəllif | Apa.Tv
Apa.tv