Azərbaycandan Avropaya qanunsuz köçənlər geri qaytarılacaq?
Azərbaycan Avropa İttifaqı qarşısında Avropa Birliyi ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılması və bununla bağlı digər məsələlərə dair yeni öhdəliklər götürür. Bu barədə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” saziş Milli Məclisə tövsiyə olunub. APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” sazişdə əksini tapıb. Sazişdə Azərbaycan Avropa İttifaqına üzv ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması öhdəliyini götürür. Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya “prima facie” dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib.