Əli Həsənov: "Həmsədrlər deməlidir ki, bu məsələ bizlik deyil..."

 

"ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmaması üçün yaradıblar".

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, həmsədrlər tez-tez qarşılıqlı etimadın zəruriliyindən danışsalar da, bu istiqamətdə lazımi addımlar atmırlar: "Bunlar qarşılıqlı etimadı ön plana çıxarırlarsa, nə üçün Azərbaycanın məcburi köçkünləri ilə bir dəfə görüşmək istəkləri olmayıb. Nəyə görə?"

 

Baş nazirin müavini həmsədrlərin Laçın və Kəlbəcərə səfərlərindən hər hansı nəticə gözləmədiyini deyib: "Onlar özləri də faydasız və nəticəsiz gediş-gəlişlərdən yorulmalıdır. Bunu açıq deməlidirlər ki, artıq biz heç nə edə bilmirik. Bizlik deyil".

 

Qeyd edək ki, bu gün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi Çaloka Beyani ilə görüşüb. Görüşdə BMT-nin işğal edilmiş ərazilərlə bağlı qəbul etdiyi qətnamələrin yenidən qurumun Təhlükəsizlik Şurası qarşısında qaldırıla biləcəyi vurğulanıb.

Müəllif | Apa.Tv