Rusiyalı həmsədr: "Laçın və Kəlbəcərə baş çəkmək..."
"Səfərimizdə əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlmişdi".
APA TV-nin xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Papov həmsədrlərin təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O, Fransadan yeni təyin olunmuş həmsədrin də onları müşaiyət etdiyi bildirib: "Jak For öz missiyasını başa çatdırır. Bütün rayonları hələ görməyən bizim amerikalı həmsədrimiz də bu səfərdə iştirak edib. Administrasiya nümayəndəliyi və rəhbərliyi ilə söhbətlər apardıq. Hərbçilərlə də görüşdük. Təmas xəttini keçmək qarşımızda duran əsas vəzifələrdən biri idi".
Missiyasını başa vuran Jak For isə 3 il müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində güclü fəaliyyət göstərdiyini deyib: "Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, bu münaqişənin həll olunması üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik".
Həmsədrlər Tərtərdə rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Daha sonra onlar Bakı gəlməyi nəzərdə tuturlar.