Bələdiyyələrə nəzarət gücləndirilir

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda “Yerli vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə layihələr müzakirəyə çıxarılıb. Layihələr barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, "Yerli vergilər və ödənişlər haqqında” qanuna təklif olunan mövcud dəyişikliklərə əsasən bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu bundan sonra qadağan olunacaq. "Bələdiyyələrin statusu haqqında" qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən bundan sonra bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış veriləcək. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik barədə danışan komitə sədri qeyd edib ki, həmin sənədin 32.2.2-ci maddəsinə yeni məzmunda hissənin əlavə olunması təklif edilir. Belə ki, bundan sonra daha dəqiq bilinəcək ki, bələdiyyələrə konkret nə qədər dotasiya ayrılıb və onların istifadəsi nə yerdədir. Müzakirələrdən sonra hər 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 

Müəllif | Apa.Tv