PA şöbə müdiri: "Onlar məyus olacaq"

"Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın fikirləri Azərbaycan-ABŞ əlaqələrinin bugünkü ruhuna uyğun deyil".

Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya deyib ki, səfirin müsahibəsində irəli sürülən bir çox iddia erməni diasporunun təsiri altında neçə ildir ki, anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır: "Bu paralellik bizi narahat edir və düşündürür. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri heç də cənab səfirin qələmə verdiyi kimi demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirsə, onların məyus olacağına heç bir şübhə yoxdur".

 

Əli Həsənov deyib ki, postsovet məkanında digər oxşar münaqişələrlə əlaqədar ABŞ birmənalı şəkildə işğal faktını qınayır, beynəlxalq hüquqdan, ərazi bütövlüyü prinsipindən danışır: "Amma Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü ilə yanaşı, dərhal həm də “xalqların öz müqəddəratını təyin etməsi” prinsipi yada düşür. Yaxşı olardı ki, həm cənab Uorlik, həm də səfir Morninqstar başqa məsələlərdən də danışardılar. Məsələn, nəyə görə ABŞ hər il Dağlıq Qarabağdakı separatçı rejimə və işğalçı Ermənistana yüz milyonlarla dollar yardım ayırır? Nəyə görə bu qondarma rejimin ABŞ-da nümayəndəliyi var?"

 

PA rəsmisi bildirib ki, ABŞ-la Azərbaycanın strateji maraqları, ölkələrimiz və xalqlarımız arasında formalaşmış dostluq münasibətləri tərəfdaşlığın qorunub saxlanmasını və daha da inkişaf etdirilməsini tələb edir.

Müəllif | Apa.Tv
Apa.tv