Plastik əməliyyat keçirmək üçün hansı yaş həddi məqsədə uyğundur?


"Son vaxtlar plastik-estetik əməliyyat edənlərin sayı xeyli artıb. Bəziləri burnunu düzəldir, bəziləri dodağını şişirdir, bəziləri isə üz qırışlarını açdırır. Təbii ki, bu əməliyyatların heç də hamısı uğurlu olmur. Amma düzgün aparılan əməliyyatın heç zaman fəsadı olmur". APA TV-yə Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, cərrah-həkim Vaqif Qələndər belə deyib. Vaqif Qələndər deyir ki,  təkcə Azərbaycanda deyil, bütün dünyada bu gün plastik əməliyyatlar geniş yayılıb. Səbəbi isə əməliyyat metodikasının yenilənməsi, dəyişməsi, müasirləşməsidir. Əvvəllər bu əməliyyatlar, məsələn, burun əməliyyatı 2,5 saat çəkirdisə, hal-hazırda bu əməliyyat 35-40 dəqiqə çəkir. "Bundan əlavə əvvəllər üzdə qırışların alınması əməliyyatı dəri dartmaq kimi ümumi metodla aparılırdısa, indi dəri toxumalarının arasına piy köçürmək və sair də buraya əlavə olunub. Təbbi ki, dərinin tərkibinə silikon tərkibli maddələri vurmamaq şərtilə". Vaqif Qələndər deyir ki , plastik əməliyyatlar üçün daha çox qadınlar müraciət edir. "Məsələn, qadın səhər durub sifətindəki qırışları görür, bununla barışmır və ya burnunda əyrilik var, bu onu narahat edir. Əgər 40-50 dəqiqədə bunu düzəltmək mümkündürsə, qadın niyə bütün həyatı boyu komplekslə yaşasın? Ona görə, bu əməliyyatların sayı artıb. Plastik əməliyyatlar insanları psixoloji komplekslərdən qurtarır". Hansı plastik əməliyyatlar üçün müraciət olunur sualına  gəlincə cərrah - həkim  bildirb ki, daha çox üç halda müraciət olunur. "Anadangəlmə anomaliyalarda, müxtəlif travmalardan sonra yaranan problemlərin aradan qaldırılması üçün və estetik xarakterli əməliyyatlar üçün. Estetik əməliyyatlardan isə daha çox burun əməliyyatlarına görə müraciətlər çoxdur. Bu onunla əlaqədardır ki, insan üzündə ən çox travmaya məruz qalan burundur. Burun insan gözəlliyinin 55-60 faizini təşkil edir. Buna görə də insanların burun əməliyyatları üçün müraciət etmələri bu baxımdan təbii bir haldır. Amma fərqli müraciətlər də olur". Estetik-plastik əməliyyatlarda yaş fərqinə diqqət çəkən Vaqif Qələndər deyir ki, ümumiyyətlə, əməliyyatların 17-18 yaşından sonra aparılması məsləhətdir. Əgər nəfəsalma yolunda problem varsa, zədə ciddidirsə, yanıq varsa, həkim göstərişi ilə əməliyyat aparıla bilər. Burunda olan əməliyyatların isə 14 yaşından erkən aparılması düzgün deyil, çünki qığırdaq-sümüyünün formalaşmasını nəzarət altında saxlamaq lazımdır. Xərclərə gəlincə, Vaqif Qələndər  qeyd edib ki, əməliyyat metodikasına, ağırlıq dərəcəsinə görə fərqlənir. Hər kəsdə, hər pasientdə müxtəlifdir, yoxlamadan bunu demək mümkün deyil.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı