"Barselona"ya yeni baş məşqçi təyin olundu

İspaniyalı mütəxəssis Luis Enrike "Barselona" futbol klubunun yeni baş məşqçisi təyin edilib. APA TV xəbər verir ki, 44 yaşlı çalışdırıcı ilə müqavilə iki il üçün nəzərdə tulub.

Məşqçi kimi heç bir ciddi uğuru olmayan Luis Enrikenin bundan əvvəlki iş yeri ötən mövsüm İspaniya çempionatında doqquzuncu yeri tutan "Selta" olub.

 

Bu, Enrikenin "Barselona"ya üçüncü gəlişidir. İlk dəfə 1996-cı ildə "Real Madrid"dən transfer olunan Luis az müddətdə favoritə çevrilib. Qol vurmaq qabiliyyəti, əla texnikası onu klubun ən vacib üzvü edib.

 

Buradakı ilk üç mövsümdə o, iki çempion titulu, iki İspaniya Kuboku, Avropa Çempionatı Qalibləri Kuboku və Avropa Superkubokunu qazandı. 8 illik oyunçu praktikasında 300 oyuna çıxan Luis 109 qol vurub, 2002-ci ildən kapitan olub və 2004-cü ildə futbolçu karyerasını bitirib.

 

2008-ci ildə Enrike Barsa B komandasına məşqçi gəlib. 2010/11-ci illərdə bu komanda mövsümü 3-cü başa vurub.

 

2011-ci ildə Luis Enrike "Roma" ilə iki illik müqavilə imzaladı. O vaxt klubun açıqlamasında deyilirdi ki, o, ilk mövsümdə 2,9 milyon, ikinci mövsümdə isə 3,1 milyon avro alacaq. Lakin elə ilk mövsümdə "Roma" yeddinci yeri tutdu və Avropa kuboklarına vəsiqə qazana bilmədi. Bununla da Luis Enrikenin İtaliya macərası bitdi. O, yenidən İspaniyaya "Selta"nın baş məşqçisi kimi qayıtdı.

 

Qeyd edək ki, "Barselona" sonuncu oyunda "Atletiko" ilə 1:1 hesablı heç-heçə oynayaraq, turnir cədvəlində ikinci yeri tutub. Bu oyundan sonra klubun baş məşqçisi Xerardo Martino istefaya gedib.

 

Müəllif | Apa.Tv