1 saat elektrikə qoş, 90 km sür, benzin yandırmasın... - REPORTAJ

Elektron mühərriklə işləyən avtomobillər avtomobil bazarına son illər daxil olsa da, artıq öz yerini tutmağı bacarıb. Ekoloji cəhətdən də təmiz olan avtomobillər əsasən Avropa istehsalıdır.

 

APA TV-nin verdiyi xəbərə görə, elektrik mühərrikli avtomobillərdən elektromobillər xüsusi yerlərdə elektrik yükünü bərpa etsə də, hibrid avtomobillər öz enerjisini özü bərpa edir. Bu nəqliyyat vasitələri hərəkətdə olduğu müddət ərzində, hətta əyləc sisteminin istifadəsi zamanı da itirilən elektrik enerjisini bərpa edir.

 

Elektromobil tipli avtomobillərdə demək olar ki, maye yanacaqdan istifadə edilmir. Beləliklə, bu nəqliyyat vasitələrinə sahib olan şəxslər büdcələrinə ən azı 80 faiz qədər qənaət etməklə yanaşı, ekoloji çirklənmənin də minimuma endirilməsinə töhfə verirlər. Bu avtomobillərin üstünlükləri bununla da bitmir.

 

Elektriklə işləyən avtomobillərin digər bir özəlliyi də ondan ibarətdir ki, benzin və dizel yanacağı ilə işləyən mühərriklərdən fərqli olaraq, bu avtomobillərin mühərriki işlək vəziyyətdə olarkən salonda səs eşidilmir. Bu isə sürücü və sərnişinlərin rahatlığı üçün hesablanıb. Hazırda start düyməsini basaraq avtomobili işlək vəziyyətə gətiririk, lakin mühərrikin səsi eşidilmir.

 

Ölkəmizə gətirilən elektrik mühərrikli avtomobillər bir çox hallarda ikinci əl avtomobillərdir. Eyni zamanda şəxsi istifadə üçün və sahibkarlar tərəfindən satış məqsədilə gətirilən yeni avtomobillər də var.

 

Sürücülər isə əsasən büdcələrinə qənaət edə bilmək üçün elektriklə işləyən avtomobillərə üstünlük verdiklərini deyirlər:

 

- Ehtiyat hissələri şəhərdə var. Hər yerdə tapılır. Elektrik sistemi çox yaxşıdır. Mənim narazılığım yoxdur. Çox maşın sürmüşəm. Bu cür qənaətli maşın görməmişəm. Həm də ekologiyanı təmiz saxlayır.

 

- Sürmə rahatlığı çoxdur. Elektriklə işlədiyi üçün qənaətli maşındır. Elektrik olmayanda premium benzin işlədir, təxminən 100 km-ə 10 litr işlədir. 1 saatlıq elektrik vurduqdan sonra 80, 90 km sürmək olur. 30 dəqiqəlik yükləsək, 60 km bəs edir.

 

Sürücülərin sözlərinə görə, elektrik avtomobili sürən şəxslərin ən böyük çətinliyi elektrik yükləmə məntəqələrinin məhdud sayda olmasıdır. Xüsusən uzaq səfərlər zamanı bu problem daha qabarıq şəkildə özünü göstərir: “Məsələn, mən özüm yaşayıram Hövsanda. Elektrik həmin ərazidə qurtarıbsa, mən ya gəlməliyəm Nobel və ya Babək prospektinə, ya da gedirəm Heydər Əliyev prospektinə. Yanacaqdoldurma məntəqəsinə gedərkən orada 2 avtomobil bizdən öncə yüklənirsə, 1 saat onları gözləməliyik. Sonra 30 dəqiqə və ya 1 saat öz avtomobilimiz yüklənəndə gözləməli oluruq. Hər dəfə 2 saatı yanacaqdoldurmada keçiririk”.

 

Bəs ölkəmizdə ekoloji cəhətdən təmiz olan bu avtomobilləri rahat əldə etmək mümkündürmü?

 

Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, hazırda bu avtomobillərdən istifadə ilə bağlı dövlət proqramı olsa da, bəzi boşluqlar da var: “Bir çox dövlətlərdə bu avtomobilləri alan şəxslərə dövlət özü subsidiya ayırır. Tutaq ki, siz 50 min dollar dəyərində avtomobil alırsınızsa, vəsaitin 10 min manatını dövlət sizə geri qaytarır. Demirəm Azərbaycanda da sırf bu qaydanı tətbiq etmək olar. Lakin müxtəlif stimullaşdırıcı addımlar atmaq olar ki, əhali ekoloji təmiz avtomobillər alsın. Burada əsas stimul sahibkarlara verilməlidir ki, onlar ölkəyə ekoloji cəhətdən təmiz avtomobillər gətirsinlər. Bunun üçün isə gömrük rüsumları azaldılmalı və avtomobilin mühərrik həcminə görə alınan aksiz vergisi ləğv olunmalıdır”.

 

Ekspertin dediyinə görə, ekoloji cəhətdən təmiz olan bu avtomobillərin alışını  asanlaşdırmaq üçün daxili bazarda da bəzi addımlar atmaq olar: “Əgər siz ekoloji cəhətdən təmiz avtomobil alırsınızsa, bu zaman avtokreditlər sadələşdirilməlidir. Kreditlərin faizi olduqca yüksək olduğuna görə avtomobil krediti götürərkən illik 16 faiz ödəməli olursunuz. Bu isə olduqca böyük rəqəmdir. 3 il və 5 il ərzində bu rəqəm artır. Stimullaşdırıcı digər qayda isə qismən məcburi hesab oluna bilən addım ola bilər. Belə ki, əgər bir ailədə ikinci avtomobil alınırsa, həmin avtomobil ekoloji təmiz avtomobil olmalıdır. Lakin bu proses əvvəlki stimullaşdırıcı qərarlardan sonra atıla bilər. Çünki vətəndaş nəyəsə məcbur edilirsə gərək ona bu şərait yaradılsın”. 

 

Ekspert onu da qeyd edib ki, elektromobillərin ölkəyə gətirilməsi zamanı gömrük rüsumu 15 faiz aşağı salınsa da, bunu tam stimullaşdırıcı addım saymaq olmaz. Çünki şəxsi istifadəsi üçün avtomobili alan şəxs bu zaman 15 faiz gömrük rüsumunu ödəməlidir. Həmçinin sığorta və digər məsələlərdə güzəştlərin tətbiqi mümkündür.   

 

Qeyd edək ki, ölkəmizdə ekoloji təmiz avtomobillərin stimullaşdırılması ilə bağlı dövlət proqramı iki il öncə qəbul olunub.

Müəllif | Apa.Tv
Apa.tv