10 arı ailəsi tələf oldu – ASTARALI FERMERLƏR NARAHATDIR

Astarada sakinə məxsus bal arıları kütləvi şəkildə qırılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Rayonun Burzubənd kənd sakini, Camal Baxşıyevin 25 ildir ki, arı təsərrüfatı var. Bu illər ərzində saxladığı arı ailələrinin sayını 19-a çatdıra bilsə də, naməlum səbəbdən onların yarısından çoxu tələf olub. Hər səhər öz təsərrüfatındakı arıları yoxlayan kənd sakini bu dəfə fərqli mənzərə ilə qarşılaşıb: “Mən həmişə səhər saat 5-də durub, arıların yanında oturub, baxıram necə işləyirlər. Gördüm ki, 10 pətəkdən arı çıxmır. Yeşiklərin ağzını açdım, özüm də təəccübləndim, gördüm ki, 10 arım bal da üstündə, hamısı sağlam idi dünənə kimi, onlar orada naməlum səbəbdən qırılıb, tökülüb”.

Təsərrüfat sahibi deyir ki, arı ailələri təbii şəkildə, meşələrdəki cökə və xurma ağaclarından qidalanıblar. Buna görə də, arıların əlavə yemə ehtiyacları olmayıb. 25 il ərzində ilk dəfədir ki, belə halla rastlaşdığını bildirən Camal Baxşıyev deyir ki, pətəklərdə hazırda bal var, amma onların istifadəyə yararsızdır: “Heç olmasa, hər pətəkdə 10-15 kiloqram bal var. Ziyandır, onu nə satmaq olar, nə atmaq olar. Gərək onu ancaq atasan, nə özüm yeyə bilərəm, nə də başqasına verə bilərəm”.

Məsələ ilə bağlı Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirovun fikrini öyrəndik. O, arıların zəhərləndiyini ehtimal edir: “10 arı ailəsi demək olar ki, tam qırılıb. Məlum olmayan səbəbdən qırılıb. Biz baxış keçirəndə təxminən deyərdim ki, haradasa arı zəhərlənib ölüb. Bunu mütəxəssislər, laboratoriya daha dəqiq bilər”.

Arı ailələrinin kütləvi şəkildə qırılması nəticəsində təsərrüfatçıya 6000 manata yaxın maddi ziyan dəyib. Qalan arılarda isə heç bir problem yoxdur. Belə bir tələfatın baş verməsi kəndin digər arıçılarını da müəyyən qədər narahat edir. Arıların hansı səbəbdən tələf olmasını öyrənmək üçün nümunələr laboratoriyaya göndərilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv