10 baş iribuynuzlu heyvanı oğurlayan qohumlar tutuldu – ŞƏMKİRDƏ
Şəmkirdə mal-qara oğurlamaqda şübhəli bilinən əmioğlanları saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şiştəpə kəndi ərazisində 10 baş iribuynuzlu heyvanları oğurlamaqda şübhəli 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev saxlanılıb.
Əvvəllərdə eyni əmələ görə bir dəfə məhkumluq həyatı yaşayan əmioğlanları törətdikləri cinayəti etiraf ediblər.
Səfər Nağıyev oğurluq heyvanları digər rayonların bazarında satdıqlarını pulunu isə öz aralarında böldüklərini bildirib: “Oturub yeyib içdik. Sonra gördük ki, heyvanlar gəlir. Onları aparıb Bərdə bazarında satdıq”.
Elman Nağıyev də oxşar ifadə verib: “Heyvanları Bərdə bazarında satdıq. 3300 manat pul əldə etdik. Pulu öz aramızda bölüb hərəmiz özümüz xərclədik”.
Müstəntiq Rauf Sadıqovun sözlərinə görə, 1989-cu il təvəllüdlü Səfər Nağıyev və onun əmisi oğlu 1989-cu il təvəllüdlü Elman Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.
Saxlanılan şəxslərin digər oxşar cinayətlər törədib törətmədiyi istiqamətində araşdırmalar davam etdirilir.