10 FAİZ əlavə ödənişi qanunvericilikdən ÜSTÜN tuturlar
Kafe və restoranlar yaranandan müştərilər arasında ofisiantlara “çay pulu” ənənəsi də formalaşıb. Azərbaycan da daxil, bəzi ölkələrdə bu adət hələ də qorunmaqdadır. Hətta Azərbaycanda bəzən ofisiantın şirinliyindən əlavə kababçıya da bəxşiş verilir. Düzü, son illər bu ənənəyə soyuq münasibət yaranmağa başlayıb. Çünki restoranlarda servis haqqı adlı müştəri məsrəfi tətbiq olunur. Belə deyək, müştərilər hesabdan əlavə 10 faiz servis haqqının da pulunu ödəməli olurlar. Məkana görə faizlər də dəyişir. Mövzu ilə bağlı vətəndaşların mövqeyini öyrənmişik. Ümumiyyətlə, müştəridən əlavə ödənişin tutulması nə dərəcədə qanunidir? Hüquqşünas Cəlal Abdullayevin sözlərinə görə, servis haqqı barədə müştərilər əvvəlcədən məlumatlandırılmalıdırlar. Vətəndaş tələb olunan ödənişlə bağlı məlumatsız olarsa, təqdim olunan faizi ödəmək istəməzsə, məsələ ilə bağlı müvafiq qurumlara müraciət edə bilər. Marketinq üzrə məsləhətçi Səfər Aslanovun fikrincə, ictimai iaşə obyektlərində servis haqqının tələb olunması işçilərin normal əməkhaqqı almamaları ilə bağlı ola bilər. Səfər Aslanov dedi ki, restoranların belə addım atması qanunvericiliyin kobud şəkildə pozulmasına gətirib çıxarır. Müştəridən alınan “servis haqqı”nın işçilərə çatmalı olduğunu bilirik, amma əslində kimlərin cibinə getdiyi sual altındadır. LƏMAN SALEHOVA XƏYAL İSKƏNDƏROV APA TV