10 hektardan çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analiz olunacaq - YENİLİK
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən etibarən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunacaq.
APA TV-nin yerli bürosunun xəbərinə görə, artıq Kənd Təsərrüfatı Nazirliyinin Regional Aqrokimya Laboratoriyalarında torpaq analizlərinin götürülməsinə başlanılıb. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin monitorinq nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil ediləcək və bundan sonra fermerlərə əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.
Nazirlik tərəfindən informasiya sistemindəki məlumatlar əsasında torpaq sahəsi 10 hektardan çox olan fermerlərin siyahıları hazırlanaraq rayonlara göndərilib.
Dövlət Aqrar İnkişaf Mərkəzləri fermerlər arasında müvafiq məlumatlandırma işləri apararaq onlara müəyyən olunmuş müddətdə torpaq analizi verməyi tövsiyə edirlər.
Fermer Tural İsazadə deyir ki, torpaq nümunələrindən analiz verməyə maraqlıdır. Çünki indiyə qədər nə qədər qulluq etsə də istədiyi məhsulu götürə bilməyib: “Torpağımızın bəzi yerlərində şoran hissələr var, bəzi yerlərdə əkin zamanı məhsul çox az olur. Bu il torpaq analizi vermək qərarına gəldik. Bilmək istəyirik ki, torpağımızın tərkibində hansı elementlər çatmır. Gübrələri vaxtlı-vaxtında vermişəm. Mən fermerəm, bu işin mütəxəssisi deyiləm. Ona görə də torpaq analizi verib, mütəxəssis tövsiyəsi almaq istəyirəm. Biz öz bildiyimiz səviyyədə torpağı “müalicə” etdik, amma istədiyimiz nəticə ürəkaçan olmadı. Ona görə də istədik ki, analizin cavabı çıxsın, mütəxəssis nəzarəti olsun ki, yaxşı məhsul əldə edə bilək”.
Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək üçün əlavə imkan yaradır.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrində hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəuyğun hesab olunur.
Bərdə Regional Aqrokimya Laboratoriyasının şöbə müdiri Tutu Aslanova deyir ki, torpaq analizlərində məqsəd məhsuldarlığın artırılmasıdır: “Analizlər dəqiqliklə aparılarsa, tövsiyələr düzgün verilərsə, nəticədə qazanan tərəf fermer olacaq. Çünki analizdən sonra fermer artıq bilir ki, onun torpağında hansı qida elementi azdır və əkin zamanı buna uyğun gübrə tətbiq edir. Bu səbəbdən fermerlərə torpaq analizi verməyi məsləhət görürük. Laboratoriyamızda analizlər dəqiqliklə aparılır, analizin nəticələrinə uyğun olaraq fermerlərimizə lazımi tövsiyələr verilir”.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, torpaq nümunələrini aqrokimya laboratoriyalarına fermerlər özləri gətirə bilərlər: “Nümunələrin götürülməsinə dair müvafiq təlimatlar hazırlanıb, fermerlər arasında təlimatla bağlı müvafiq məlumatlandırma işləri aparılıb. Fermerlərin gətirdiyi torpaq nümunələri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının tərkibində olan aqrokimya laboratoriyalarında analiz olunur və analizin nəticəsi qısa müddətdə fermerlərə təqdim olunur”.
Nazirlik rəsmisi qeyd edib ki, fermerlərin torpaq nümunəsi götürdüyü yerlərin coğrafi koordinatları mütləq qeyd edilməlidir.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimyəvi laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda fermerlərə torpağın tərkibi ilə bağlı ən müxtəlif analizlər vermək imkanı yaradılıb. Analizlər ən müasir avadanlıq və cihazlar vasitəsilə aparılır.