10 ildir evində silah saxlayan şəxs: “Bir dəfə istifadə etmişəm”
Göygöldə evində silah gizlədən şəxs saxlanılıb. DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinə Topalhəsənli kənd sakini Mərdan Həsənovun yaşadığı mənzildə odlu silah saxlaması barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları onun evinə baxış keçirən zaman bir ədəd “Karabin” markalı odlu silah və həmin silaha aid 29 ədəd patron aşkarlayıblar. Saxlanılan Mərdan Həsənov silahı on ilə yaxındır evində ailə üzvlərindən gizli saxladığını bildirib: “Silah atamdan mənə qalıb. İstədim gətirib təhvil verəm, qorxdum. Bir dəfə də bayramda atmışam. Ondan ayrı heç nə etməmişəm. Əməlimdən peşmanam”. Baş müstəntiq Samir Rüstəmov deyib ki, hazırda Mərdan Həsənovun həmin odlu silahı haradan əldə etməsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Göygöl Rayon Polis şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Faktla bağlı araşdırma aparılır.