102 min manat verib mənzil aldı, hələ də kirayədə qalır – 133 AİLƏNİN DRAMI
Paytaxtın Nəsimi rayonu Mövsüm Sənani küçəsi 13/15 ünvanında, Tibb Universitetinin yaxınlığında yerləşən "Konstra" MTK və "Orxan TİT" MMC ilə vətəndaşlar arasında narazılıq davam edir.
APA TV xəbər verir ki, binadan mənzil alan və tikinti şirkətləri tərəfindən aldadıldıqlarını deyən vətəndaşların qaynar xəttimizə daxil olan müraciətləri əsasında onların problemləri ilə maraqlandıq.
Zərərçəkmiş paytaxt sakinləri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qarşısında görüşdük.
Mənzil alan vətəndaşların iddiasına görə, “Konstra” MTK 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikintidən 133 nəfərə mənzil satıb.
Vətəndaşlar deyir ki, təxminən 6 ay sonra podratçı “Konstra” MTK ilə torpaq sahibi olan sifarişçi “Orxan TİT” şirkəti arasında mübahisə düşüb. “Orxan TİT” sakinlərə onların aldadıldığını, sənədlərinin isə saxta olduğunu bildirib və qeyd edib ki, podratçı şirkət ev satmalı deyil.
Narazı vətəndaşlardan biri də Vətən Müharibəsi iştirakçısı Abuzər Qasımovdur. Onun qardaşı Elgiz Qasmov “Konstra” MTK tikinti şirkətindən iki mənzil alıb.
Mənzillərdən biri Abuzərə, digəri isə qardaşı Elgizə məxsus olsa da, podratçı şirkət nəinki onlara mənzili təhvil verməyib, bu azmış kimi, ailəyə dəyən ziyanı bu günədək qarşılamayıb. İndi hər iki qardaş Bakıda kirayə mənzillərin ümidinə qalıb: “Mənzillərə sahib çıxa bilmirik. Özüm Vətən Müharibəsinin iştirakçısıyam, müharibədən döndükdən sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Emin müəllimlə də görüşmüşük. Bildirildi ki, yaxın zamanlarda mənzilimizi təhvil ala biləciyik. Hətta problemin həlli ilə bağlı generalın da qəbulunda olduq, bildirildi ki, siz evlərinizə sahib olacaqsız. Dəfələrlə gəlmişəm bura, hər dəfə də “istintaq yekunlaşır, araşdırma bitmək üzrədir” deyib bizi yola salırlar. Mən də digər sakinlər kimi. halal zəhmətimlə aldığım mənzilimə sahib olmaq istəyirəm. Dövlətdən digər imtiyaz da istəmirəm, evdə sıxlıq problemi var. Qardaşım da kirayə qalır”.
Qasımovlar ailəsi 84 kvadrat metr mənzil sahəsi üçün 102 min manat pul ödəyib: “Maliyyə arayışı ilə, mədaxil qəbzi ilə evləri almışıq. Pulu da nağd ödəmişik, amma mənzilə sahib çıxa bilmirik”.
Elməddin Süleymanov da 2019-cu ilin oktyabr ayında “Konstra” MTK ilə müqavilə bağlayaraq, şirkətin binadan mənzil alıb. Ancaq hələ də mənzilinə köçə bilmir. Birincisi, binanın tikintisi yarımçıq dayandırılıb, ikincisi isə tək o deyil, 133 ailə iki şirkət arasındakı hərc-mərcliyin qurbanına çevrilib: “Sən demə, mənzil bizə satılanda belə bu problem varmış. İndi “Konstra” MTK deyir ki, onların özlərini də aldadıblar. Bir mənzil satıblar mənə 68 kvadrat metr, 68 min manat da pul ödəmişəm. Bununla bağlı müqavilə sənədim, kassa çekim var. Şəxsən məndən MTK-nın rəhbəri pulumu sayaraq alıb. Mənə də söz verildi ki, 2020-ci ilin mart ayında mənzilimiz təmirsiz təhvil veriləcək”.
Zərərçəkən Vaqif Allahverdiyev deyir ki, 2019-cu ildə “Konstra” MTK-dan mənzil alıb: “Tikinti ilk başlayanda normal satış ofisləri, emblemləri hamısı qaydasında idi. Üstündən 6 ay keçdikdən sonra bizə məlum oldu ki, iki şirkət arasında problem var. Məsələ isə bundan ibarətdir ki, sifarişçi və podratçı şirkətlərdən biri deyir ki, “Konstra” MTK-nın satış hüququ yoxdur. Mübahisəyə əsl səbəb isə odur ki, “Konstra” MTK əldə olunan razılaşmadan kənara çıxaraq artıq mənzil satıb. Onlar da bu problemi həll edə bilmirlər deyə, sakinlərin evlərini təhvil vermirlər. İki otaqlı mənzil üçün 75 min manat pul ödəmişik”.
Bəxtiyar Əmirov da sözügedən binadan ev alaraq aldadılan sakinlərdəndir: “Konstra” MTK şirkətinin reklamını görüb yaxınlaşmışıq. Evin kvadratını 1100 manatdan almışam. Pulunu isə nağd ödəmişəm. Üstündən müəyyən müddət keçdikdən sonra tikintinin normal qayda ilə aparıldığını müşahidə edirdik. Sonradan məlum oldu ki, narazılıq var. Maraqlandıq və gördük ki, biz mənzil aldığımız şirkətin reklamının yerində “Şəhər incisi” adlı MTK-nın reklamı yerləşdirilib. Bizə bildirildi ki, sizə satılan mənzillər “Konstra” MTK yox, “Şəhər incisi”nə aiddir. Bildirildi ki, onlar kvadratdan artıq mənzil satdıqlarına görə şirkətlər arasında narazılıq yaranıb. Biz də uzun müddətdir əlaqədar təşkilatlara müraciət etsək də, hələ də cavab ala bilməmişik”.
Çəkiliş zamanı istintaqın gedişi ilə maraqlanmaq üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısına toplaşan sakinlərin bir qismi İstintaq İdarəsinin rəis müavini ilə görüşdülər.
Zərərçəkən Etibar Əliyev deyir ki, görüş zamanı onlara bugünkü vəziyyət barədə məlumat verilib: “Bugünkü vəziyyəti bizim nəzərimizə çatdırdı. Qeyd olundu ki, az müddətə istintaqın nəticəsi bəlli olacaq. Söz verildi ki, gələn həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi bizimlə görüşəcək. Auditin nəticəsi həmin görüşdə bəlli olacaq. Hazırda məsələnin çətinliyi ondan ibarətdir ki, sifarişçi “ORXAN TİT” və podratçı “Konstra” MTK şirkətləri arasında satılmış mənzillərin bölgüsündə razılığa gələ bilmirlər. Onların razılığa gəlməsi barəsində iş aparılır”.
İstintaqın gedişi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən də məlumat aldıq. Bildirildi ki, 2020-ci ilin iyunun 3-də Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, “Orxan TİT” MMC-nin hazırda “Şəhər İncisi Yaşayış Kompleksi” sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qaraj podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda, satışa çıxarılıb. Bununla da şirkət rəhbərlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq, pulları dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı “Konstra MMC” şirkətinin təsisçisi Bəsrət Abbaslı ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Torpaq sahibi, “Orxan TİT” MTK-nın direktoru Məhərrəm Həsənovla telefon əlaqəsi yarada bildik. Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri bitmədiyindən, sakinlərə veriləcək nə sözləri var, nə vədləri.
Görünən isə odur ki, sakinlər hələ bir müddət yarımçıq qalan mənzillərinə kənardan baxıb, kirayədə qalmalı olacaqlar.
Sevinc Vaqifqızı,
Musa Qulammirzəyev,
APA TV