11 apreldən başlayan Zəfər yolu – BİZİM ŞƏRH

Azərbaycanda 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərindən üç il ötür. Həmin seçkilərdə cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.

 

Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və  müdrik seçim etmişdi. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdi.

 

Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərman - 2018-ci il 19 aprel tarixli Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Hər iki Fərman həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin cənab İlham Əliyevin növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi.

 

Bu fərmanlar həm də əhalidə milli vətənpərvərlik duyğularının gücləndirilməsinə hesablanmışdı. Çünki Azərbaycan vətəndaşları uzun illərdir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması üçün Ali Baş Komandandan əmr gözləyirdi. Prezident İlham Əliyev isə gözlənilən müharibədə canından keçəcək Vətən övladlarının gözünün arxada qalmaması üçün dövlətin istənilən yükün altına girəcəyinin mesajını verirdi.

 

Azərbaycan Ordusunun qələbəsi və Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnmiş 2016-cı ilin Aprel döyüşlərindən sonra rəsmi Bakının arxayınlaşmaması özünü istər ordunun döyüş hazırlığının yüksəldilməsində, istərsə də diplomatik hücum xarakterli xarici siyasət kursunda büruzə verirdi. Çünki inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqləyirdi. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam edirdi. Xüsusilə Nikol Paşinyanın 2019-cu ilin 5 avqust tarixində işğal altındakı Azərbaycan ərazisində - Xankəndində dar əhatədə səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populist mövqe kimi qarşılanmışdı.

 

Bu sərsəm bəyanata Azərbaycanın cavabı özünü çox gözlətmədi. Oktyabrın 3-də Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-nın müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliyinin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kimi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” hökmünü irəli sürdü. Prezidentin bu qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılandı. Bu mövqe sonradan 44 günlük Vətən Müharibəsinin əsas şüarına çevriləcəkdi.

 

Ermənistana növbəti diplomatik zərbə səkkiz gündən sonra vuruldu. Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı olduqca arqumentli çıxışı ilə işğalçı ölkənin baş naziri Nikol Paşinyanı “siyasi nokaut” vəziyyətinə saldı. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla və arqumentlərə istinad edərək danışan Prezident İlham Əliyev bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüf hissi ilə iclas iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə 6 metr hündürlüyündə abidə ucaldılıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut etdi.

 

15 fevral 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Panel müzakirə zamanı sözün həqiqi mənasında Ermənistanın baş naziri Nikol Paşinyana həm tarix, həm də hüquq dərsi keçdi. Onun “mikro-inqilablar” nəzəriyyəsini öz tutarlı faktları və arqumentləri ilə darmadağın etdi. Tarix həqiqətlərə və hüquqi bazaya söykənərək Dağlıq Qarabağın əzəli və qədim Azərbaycan torpağı olduğunu təkzibedilməz faktlarla sübuta yetirdi.

 

Azərbaycan Prezidenti tərəfindən beynəlxalq aləmdə bu qədər ifşa olunmasına və rəzil vəziyyətə salınmasına baxmayaraq, Ermənistanın baş naziri siyasi hoqqabazlıqlardan əl çəkmirdi. Onun gah danışıqları sıfırdan başlamaq, gah rəsmi Bakını Dağlıq Qarabağ separatçıları ilə birbaşa danışıqlara çağırması təklifləri, Şuşanın Cıdır düzündə sərxoş vəziyyətdə yallı getmək və “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı kimi təxribatçı hərəkətləri danışıqların müharibə ilə əvəzlənəcəyinə şübhə yeri qoymurdu. Bütün bu məsuliyyətsiz davranışların kulminasiya nöqtəsi isə 2020-ci ilin 12 iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində törədilən təxribat oldu. Bu təxribat nəticəsində general-mayor Polad Həşimov başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi şəhid oldu. İyulun 14-də Şəhidlər Xiyabanına axışan yüz minlərlə insan “Ali Baş Komandan, silah ver bizə” şüarları ilə Azərbaycan xalqının müharibə istəyini ortaya qoydu. O günün gəlişi isə özünü çox gözlətmədi.

 

Xalqdan lazımi dəstəyi alan Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinə cəbhənin bütün istiqamətləri üzrə hücum əmri verdi. Bu, 44 gün davam edəcək Vətən Müharibəsi idi.

 

Cənab İlham Əliyev 44 gün ərzində Prezident, Ali Baş Komandan, Sərkərdə və Diplomat kimi bütün bacarıqlarını ortaya qoydu. Silahlı Qüvvələrin döyüş tapşırıqlarını hər gün yeniləyən Prezident eyni zamanda informasiya cəbhəsində də savaşır, dünyanın müxtəlif telekanallarına müsahibə verir, Azərbaycanın haqq davası ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırırdı.

 

Dünya belə İlham Əliyevi heç vaxt görməmişdi. Münaqişəni hər zaman danışıqlar yolu ilə, qan tökmədən həll etməyə çalışan Azərbaycan lideri Ermənistana başçılıq edən terrorçu mahiyyətli şəxslərin məsuliyyətsiz davranışları nəticəsində bu istəyinə çata bilməmişdi. Məhz bu səbəbdən yalnız xalqın və müttəfiq dövlətlərin dəstəyinə arxalanaraq, sonuncu çıxış yoluna baş vurmuşdu. Cənab Prezident bu yolun qısamüddətli olmayacağını yaxşı anladığı üçün müharibənin də, informasiya savaşının da yükünü və məsuliyyətini öz üzərinə götürmüşdü. Böyük dövlətlərin atəşi dayandırmaq üçün Azərbaycana ardı-arası kəsilməyən təzyiqlərinə sinə gərməyi yalnız xalqdan birmənalı dəstək alan lider bacarardı.

 

Azərbaycan xalqı isə Vətən Müharibəsində cənab İlham Əliyevi yenidən kəşf etmişdi. Xalq görürdü ki, işğal altında olan kənd və şəhərlərimiz azad olunduqca, Ali Baş Komandan bu xəbərləri xalqa şəxsən çatdırır, xalqla birlikdə sevinir, deyib-gülür, şəhidlərimizin olmasına görə xalqla birlikdə kədərlənirdi.

 

Noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Vətən Müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri, Ermənistanın isə biabırçı məğlubiyyəti ilə başa çatdı. Nəticədə işğal altında olan Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə atılmadan azad edildi.

 

Cənab İlham Əliyev 11 aprel seçkilərində qazandığı prezidentliyinin üçüncü ildönümünü Qalib Sərkərdə kimi qarşılayır. Hələ qarşıda görüləcək çox işlər var. İlk növbədə azad olunmuş kənd və şəhərlərimiz bərpa olunmalı, məcburi köçkünlər ata-baba yurdlarına qayıtmalıdır. Qarabağı işğaldan azad etməyi bacarmış Ali Baş Komandan kimi bu işlərin öhdəsindən də gələcəyinə heç kim şübhə etmir. Çünki Qarabağ Azərbaycandır!

Müəllif | Apa.Tv
Apa.tv