115 kq narkotikin və odlu silahların Azərbaycana gətirilməsinin qarşısı alındı – SƏRHƏDDƏ ƏMƏLİYYAT

115 kiloqram narkotik vasitənin və odlu silahların Azərbaycana qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində “VAZ-2107” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması müəyyən olunub.

 

Həmin şəxs ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona “dayan” əmri verib. Lakin o, əmrə tabe olmayaraq sərhəd naryadına qarşı müqavimət göstərib ərazidən qaçmağa çalışıb. Amma onun bu cəhdinin qarşısı alınaraq sərhəd naryadı tərəfindən saxlanılıb.

 

Bu zaman “VAZ-2107”nin sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

 

Saxlanılmış şəxsin isə 1970-ci il təvəllüdlü, Füzuli rayonunda yaşayan Rusiya Federasiyasının vətəndaşı Şükür Mehtiyev olduğu müəyyənləşdirilib. Onun avtomobilə daşıdığı və ağacın altında qalan  bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin aşkar edilib. Həmçinin 1 ədəd (9 mm kalibrli “PAK RETAY-11” markalı) tapança, 8 ədəd (9 mm kalibrli) güllə, 1 ədəd daraq, 1 ədəd (12 kalibrli "Kral maqnium" markalı) ov tüfəngi, 19 ədəd (12 kalibrli İran istehsalı olan "Mahama" markalı) güllə aşkar olunub. 

 

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, cinayətkar qrupun  digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv