12 min sənəd, 600 kq qəpik... - “TƏMİZ ŞƏHƏR”DƏN REPORTAJ
Bakıda tullantıların utilizasiyası ilə məşğul olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti. Məkanda əsasən 3 istiqamətdə işlər görülür: tullantıların çeşidləməsi, yandırılması və zərərsizləşdirilməsi.
APA TV-nin xəbərinə görə, aparılan proseslərlə tanış olmaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün media-tur təşkil edilib.
Kadrlarda gördüyünüz yer Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodudur. “Təmiz şəhər” ASC İdarə Heyətinin sədri Etibar Abbasov deyir ki, müəssisə 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib: “Burada 170 nəfərə yaxın Balaxanı sakini işlə təmin edilib. Zavodda illik gücü 200 min ton olan tullantı çeşidlənir. Təkrar emala yararlı xammal istehsal edirik və onları da Balaxanı Sənaye Parkına göndəririk”.
Çeşidləmə zamanı tapılmış 1200-dən artıq müxtəlif növ sənəd toplanıb. Onlar “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.
Həmçinin məkanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılan “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir ki, burada 42 ölkədən 180-dək sənət adamının yaratdığı əsərlər nümayiş olunur.
Bura isə Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonudur. Onun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu poliqonun ehtiyacları üçün istifadə olunur.
Növbəti proses isə bərk məişət tullantılarının yandırılmasıdır ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən müəssisə il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Bu da təxminən 100 min əhalisi olan qəsəbənin işıqla təmin edilməsi deməkdir.
“Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir. İlkin olaraq ərazi 7 hektardan ibarət idisə, sonradan rezidentlərin istəyinə uyğun olaraq 10 hektara kimi artırılıb. Hazırda 19 rezidenti var və bunlardan 11-i artıq fəaliyyət göstərir. Yerdə qalanlar isə test rejimində fəaliyyət göstərir.
“Bioropean” MMC-nin təsisçisi Emin İlyasın sözlərinə görə, müəssisə iaşə obyektlərindən tullantı qida yağlarının toplanılması ilə məşğuldur: “Həmin o yağlar bu müəssisədə texniki yağlara çevrilir. Onlar da biodizel istehsalatında istifadə olunur. Demək olar ki, istehsalatın 95 faizi ixrac yönümlüdür. Avropanın müxtəlif ölkələrinə ixrac edirik. Müəssisəmiz təkcə iaşə obyektlərindən deyil, restoranlardan, hotellərdən, həmçinin evlərdən də yağların toplanılması ilə məşğuldur. Gündəlik tonlarla yağ müəssisəyə gətirilərək əsasən biodizel istehsalatında xammala çevrilir”.
Parkda artıq 570-ə yaxın daimi iş yeri yaradılıb. Gələcəkdə bu rəqəmin 720-yə çatdırılması planlaşdırılır.
Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. Parkın rezidentlərində butulkaların təkrar emalından plastik qırıntıların istehsalı, işlənmiş mühərrik yağlarının emalı, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya istehsalı, tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı və tullantı kağızlarının təkrar emalı, süngər tullantılarının təkrar emalı və mebel istehsalı, işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı, yapışqan lent istehsalı, qablaşdırma və etiketləmə işləri maqnezium oksid panellərin istehsalı və təkrar emalı işləri görülür.
“Təmiz şəhər” ASC İdarə Heyətinin sədri Etibar Abbasov deyir ki, sənaye Parkında rezidentlərə dövlət tərəfindən bütün kommunikasiyalar, infrastrukturlar verilir: “Eyni zamanda qeydiyyatdan keçən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azaddırlar. Eyni zamanda idxal olunan avadanlıqlar da əlavə dəyər vergisindən 10 il müddətinə, gömrük rüsumundan isə 7 il azaddırlar”.
Bundan başqa, müəssisənin digər 8 rezidentinin yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir.
Daha sonra infotur iştirakçıları Olimpiya Stadionunun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor Gölündə görülən işlərlə də tanış olublar. Ərazisi 1000 hektar təşkil edən gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib. Proses zamanı göl dibindən 2,8 milyon kub neftlə çirklənmiş dib çöküntüləri çıxarılıb. Gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin və paytaxtın qonaqlarının istifadəsinə verilib.
Elvin Paşazadə,
Faiq Həsənov,
APA TV