124 şəhid, 500-dən artıq yaralı, 14 itkin... - KEÇMİŞ DÖYÜŞÇÜLƏR DANIŞIR
Dövlət himnini qürurla oxuyan bu şəxslər Bərdə özünümüdafiə batalyonunun döyüşçüləridir.
1991-ci ildə polkovnik-leytenant Elçin Əliyev tərəfindən yaradan Bərdə özünümüdafiə batalyonunun tərkibinə ölkənin müxtəlif bölgələrindən gələn könüllü döyüşçülər qoşulub. Özünümüdafiə batalyonu keçmiş 703 saylı hərbi hissənin nəzdində Goranboy, Kəlbəcər, Ağdərə və Tərtər rayonları istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edib. Sözügedən hərbi hissənin 124 şəhidi, 500-dən artıq yaralısı olub. İtkin düşən 14 nəfərin taleyindən hələ də xəbər yoxdur. Taborun keçmiş döyüşçüləri 30 il əvvəl həmrəylik günü ərəfəsində yaradılan batalyonun yubileyini də öz şəhid silahdaşlarının məzarı önündə qeyd ediblər.
Həmin illərdə batalyonun yaranma xəbərini eşidib döyüşmək üçün gələnlərdən biri də ölkənin gənc alimlərindən biri Hümbət Əliyev olub. Birinci Qarabağ müharibəsi zamanı elmi iş üzərində çalışan Hümbət Əliyev bütün işlərini kənara qoyub döyüşə qoşulub: ”Vətəni müdafiə, Vətənə sevgi, o, heç bir elmi rütbə ilə ölçülmür. Və yaxud da ki, elmi adla heç bir əlaqəsi yoxdur. O zaman mən yeni müdafiə eləmişdim. Ehtiyatda olan zabit idim. Dedilər Vətənə lazımsan. Biz də işimizi buraxdıq gəldik, il yarım müddətində mən Bərdə batalyonunda zabit olaraq vuruşdum. Bərdədə bir neçə batalyon olubdu. Onlardan biri də mənim olduğum 733 saylı batalyon idi. Yəni Ağdərənin ta Vəng kəndinə qədər gedib çıxan batalyon olubdu”.
Birinci Qarabağ müharibəsinin digər iştirakçısı Vüqar Babayev deyir ki, batalyon Ağdərə əməliyyatında da iştirak edib: “1992-ci ilin uğurlu Ağdərə əməliyyatında bizim batalyon demək olar ki, iştirak edibdi. 124 şəhidimiz olubdu, 14 nəfər itkinimiz olubdu, 500-dən artıq qazimiz olubdu. Biz belə deyək də, batalyon yarananda on nəfərə bir silahımız var idi. Bizim batalyona ştatla 27 BMP normativi idi. Amma bir dənə də BMP-iz yoxuydu. Tankımız yoxuydu. Bizim əsgərlərimiz hamısı 27 BMP-nin əvəzinə öz canlarını qurban verirdilər”.
Keçmiş döyüşçülərin uğurları ilə yanaşı, bəzi uğursuzluqları da olub. Amma bu onların lazımi döyüş silah-sursatları, eləcə də texnikaları ilə təmin edilmədiyinə görə baş verib. Bu gün isə onların qəhrəman döyüşçü ruhunda böyütdüyü övladları Vətən Müharibəsinə qatılıb, aralarında şəhid və qazi olanlar olub. Necə deyərlər bu günün müzəffər və qalib ordusu öz qəhrəmanlıq məşəlini vaxtı ilə əliyalın düşmən texnikasının üzərinə yeriyən atalarından götürüb.
Elgün Gəncimsoy, Ziya İsmayıloğlu APA TV