14 aylıq Zəhranın qətlə yetirildiyi kənddən REPORTAJ

Ermənilər 29 il bu kəndi mütəmadi atəş altında saxlayıb. Bütün dünya isə 14 aylıq Zəhranın ölümü ilə tanıdı bu kəndi. Elə kəndə çatanda bizim də ilk baş çəkdiyimiz körpə Zəhranın, nənəsi Sahibə Quliyeva ilə birlikdə ermənilərin atəşə tutaraq öldürdüyü yer oldu. Zəhranın Babası Salman kişi o günləri unuda bilmədiyini deyir. Amma Füzulinin Alxanlı kəndi artıq bir ildir necə deyərlər, rahat nəfəs alır. Şuşaya gedən yol, Zəfər yolu bu kənddən keçir. Elə kəndin həyatını da başdan-başa dəyişən Zəfərə gedən yol olub: “Bütün dünya bu Alxanlı kəndini Zəhranın şəhid olması ilə tanıdı. Ermənilərin ataraq körpə balanı öldürdü. Bütün tökülən qanların hamısının qisası alındı. Bizim şanlı ordumuzun, bizim Prezidentimizin sayəsində bütün torpaqlar alındı. Biz indi xoşbəxt yaşayırıq, hamı kənddə dinc yaşayır. Əhalidə qorxu hissi yoxdur ki, erməni atacaq”.   

 

Cəbhəyanı digər kəndlərdə olduğu kimi Alıxanlı da Vətən Müharibəsində daima düşmən tərəfindən atəşə tutulub. Ermənilərin atdığı top mərmilərindən biri də Feyzəliyevlərin həyətinə düşüb. Artıq onlarında dağılan evi yenidən bərpa olunub, bağçaya əkdikləri gül-çiçəklər isə qışın ən soyuq ayı olmasına baxmayaraq gül açıb. Ev sahibi Zenfira Feyzəliyeva deyir ki, indi hər bir şeydən arxeyinik: “Belə ki, sakitlikdir. Arxayınıq ki, öz yerimizdə, yurdumuzda arxayın otura bilərik. İndi görürsən ki, əlimiz işə yatır, nəbilim təmir edirik, düzəldirik hər bir yeri ki, arxayın olduqda, hər bir yer özümüzündü. Alınan hər bir yer özümüzündü, torpağımızdı, Vətənimizdi”.

 

Artıq kənd sakinlərinin həyat tərzi müsbət mənada çox dəyişib. Kəndin əkin sahələri təhlükəsiz əraziyə çevrilməklə yanaşı, həm də genişlənib. Bir ildə 400 hektar torpaq sahəsində əlavə əkin işləri aparılıb. Kənddə iaşə obyektlərinin sayı artıb, gəlib-gedən qonaqlar çoxalıb. Bunun əsas səbəblərindən biri də kəndin içindən keçən Zəfər yoludur.

 

Ərazi üzrə icra nümayəndəsinin müavini Qurban Quliyev deyir ki, yaşayışın artımı, obyektlərin tikilməsi, hamısı Zəfər yolunun çəkilişi ilə əlaqədardır: “Bu Zəfər yolunun çəkilişi çox şeyləri dəyişdi Vətən Müharibəsindən sonra. Demək olar ki, kəndin qıraq rayonlarında yaşayan əhalisi hamısı müraciət edirlər. Öz evlərinin bərpası, tikintisi üçün, yəni hamısı gəlmək üçün bu dəqiqə hazırdılar demək olar ki, öz yurd-yuvalarına qayıtmaq üçün hazırdılar”.

 

Düzdür hələ də minalı hesab olunan ərazilər var, hələ də ermənilərin talan edib, yandırdığı evlər var. Amma onlarında bərpa olunacağı günlər uzaqda deyil. Hər şey ən qısa vaxtda öz axarına düşəcək və bir də Alxanlı kəndində körpə Zəhralar ölməyəcək.

 

Habil Aslanoğlu, Ziya İsmayıloğlu APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv