“15 iyul çevriliş cəhdi Türkiyə xalqının Ərdoğan hakimiyyətinə inamını ortaya qoydu” - TARİX

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ətrafında xalqın yekdilliklə birləşməsi ən vacib faktor kimi qiymətləndirilir. Bu addımlar Türkiyənin beynəlxalq miqyasda artan nüfuzuna xələl gətirməyə hesablansa da, qiyam gecəsi xalqın hakimiyyətə arxalanmasının təzahürü oldu”.

 

Bunu APA TV-yə müsahibəsində deputat Cavid Osmanov deyib: “Çevriliş cəhdinin qarşısının alınması, cənab Ərdoğanın prinsipiallığı və qətiyyətliliyi, eyni zamanda xalqın hakimiyyətlə yekdilliklə birləşməsi ən vacib amillərdən biridir. Əlbəttə ki, dövlət çevrilişinə cəhd zamanı şəhidlərimiz oldu, Allah şəhidlərimizə rəhmət eləsin. Amma bu xəyanətkarcasına atılan addım son beş ildə Türkiyənin nə qədər qüdrətli dövlət olduğunu bir daha ortaya qoydu”.

 

Deputat qeyd edib ki, Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

 

Cavid Osmanov dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsində olduğunu bildirib.

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, 2016-cı ilin bu günü Azərbaycan xalqı qardaş Türkiyə Cümhuriyyəti ilə həmrəy olaraq çətin günləri və saatları birgə yaşadı: “Türkiyədə əslində bütün hüquq normalarına zidd və beynəlxalq hüququn da tanımadığı hakimiyyətin zorla ələ alınması, silahlı çevrilişə cəhd baş verdi. Bu, hüquqi baxımdan qəbuledilməzdir. Hərbiçilərin hakimiyyəti ələ alması, bu istiqamətdə atdıqları addımlar dəhşətli idi. Uçan aparatlarda daxil olmaqla, vertolyot və təyyarələrdən istifadə etməklə dinc əhaliyə qarşı atəş açılması, tankların insanların üstünə sürülməsi vəhşilik olmaqla bərabər hakimiyyəti qanunsuz ələ almaq üçün hər vasitədən istifadə idi”.

 

Çingiz Qənizadə qeyd edib ki, 15 iyul gecəsi türk xalqı mətinliyini və Ərdoğan hakimiyyətinə olan etibarını nümayiş etdirdi: “Eyni zamanda qeyri-qanuni hakimiyyət dəyişikliyinə yox deyilməsini və bundan ötrü canlarını fəda verildiyini gördük. Nəticədə xalq və hakimiyyət birliyi qalib gəldi. Baxmayaraq ki, 240-dan çox insan itkisi oldu, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, 2200-dən çox insan həbs olundu. Onların içərisində çoxsaylı generallar, kontr-admirallar da vardı. Xalqına söykənmiş bir hakimiyyət heç vaxt məğlub edilə bilməz. Biz bunun nümunəsini Türkiyənin timsalında gördük. Ərdoğan hakimiyyəti öz xalqına arxalanaraq bu cür qiyamçıların qarşısını ala bildi”.

 

Çingiz Qənizadə bundan sonra da Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət, iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün əməkdaşlığın birgə davam etdiriləcəyini də qeyd edib.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv