15 kəndin istifadə etdiyi yolda sürüşmə aktivləşib

Astarada dağ kəndlərinə gedən yolda torpaq sürüşməsi aktivləşib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun 15 kəndinin 10 mindən yuxarı əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi yenidən aktivləşib. Sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşikəş, Ağkörpü kəndlərindən keçən və Şümrüd kəndinə yaxın hissələrində qeydə alınıb.


- Sürüşkənlik böyük ərazini əhatə edir. Yuxarı dağ yamaclarından sürüşür və asfalta da təsirini göstərir. Yəni, sadəcə yol hissəsi sürüşmür. Böyük ərazilər sürüşür deyə bu yola da təsir göstərir. Bunun qarşısını almaq üçün həmin yerlərdə mütəxəssislər daha yaxşı bilərlər, suötürücü turbalar atmaq və yenidən o yolu bərpa etmək lazımdır ki, bir daha yol hissələri yumşalıb sürüşməsin.


- Bu yol Pəlikeş kəndinə gedir. Bizim yolda bizi xəstəxanaya, rayona tez çetdırmaq olmur. Rayon ərazisində hamilə qadın və ya xəstə olanda müəyyən qiymətlərə aparırlar. Yol pis gündədir. Mən özüm sürücüyəm, gündə “perodok” yığılır. Yollarımız çox pis gündədir. 1 manatlıq bu yol gedilirsə, taksi 5-6 manata aparır. 3-4 ildir, bizim yollarımız pis gündədir.

- Əziyyət çox olur. Buradan gedirik Astaraya 20 manata bir gün, ikinci gün maşının üstünə 40-50 manat pul qoyuruq. Qazanacağımız ancaq bu yollara gedir, xərcimiz maşın üstünə gedir, bizə heç nə qalmır.

Sözügedən yolda mütəmadi olaraq sürüşmələr müşahidə olunur. Dəfələrlə əraziyə qum və çınqıl döşənsə də, yol bərbad vəziyyətdədir. Astaranın Pəlikeş, Sım kəndləri öz füsunkar təbiəti ilə məşhurdur və il ərzində istirahətə gələn yerli və əcnəbi turistlər də bu yoldan istifadə edirlər. Sakinlər deyir ki, yağış yağanda yoldakı çətinlik bir qədər də artır:


- Əziyyətlər çəkirik də, qışda çətin olur, gedib-gələ bilmirik yolu, maşınlar dağılır, turistlər balaca maşınlarla gələ bilmir. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi çökmə baş verən ərazilərdə təmir-bərpa işlərinin aparıldığını bildirdi: “Sözügedən yol ucqar dağ kəndlərinə aparan avtomobil yoludur, asfalt-beton örtüklüdür. Hal-hazırda avtomobil yolunun müəyyən hissələrində sürüşmə aktivliyi müşahidə olunur. Bu aktivlik agentliyimizin əməkdaşlarının nəzarəti altındadır. Hazırda həmin aktivliyin gediş-gəlişə heç bir maneəsi yoxdur, tərəfimizdən nəzarət altındadır. Hər hansı bir problem olduqda qısa bir müddət ərzində problemə müdaxilə olunaraq aradan qaldırılır.”

Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu 6 il bundan qabaq istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar baş verib.

 

 Tural Kərimov, Rövşən Əzimov, APA TV, Astara


 

 

 

Müəllif | Apa.Tv
Apa.tv