15 sakin kəndi necə qoruyub? - Kərki sakinləri danışır
Naxçıvan Muxtar Respublikasının Şimal-qərbində, Sədərək qəsəbəsinin 8-10 kilometrliyində yerləşən Kərki 33 il bundan öncə erməni işğalına məruz qalan ilk yurd yerlərimizdən biridir.
Ötən əsrin 30-cu illərində SSRİ rəhbərliyinin qərarı ilə Kərkinin xeyli hissəsi gizli olaraq bədnam qonşularımıza verilib. Azərbaycanın Ermənistan ərazisindəki eksklavı olan kənd inadla müdafiə olunmasına baxmayaraq 1990-cı il yanvarın 18-də ermənilər tərəfindən işğal edilib.
Kərkinin müdafiəsinə 15 nəfər kənd sakini qalxıb. Az sayda mübariz müdafiəçi 2 minə yaxın silahlı erməniyə qarşı vuruşub.
Qüvvələr nisbətinin qeyri-bərabər olmasına, silah çatışmazlığı və dörd bir tərəfdən mühasirə şəraitində olmasına baxmayaraq, Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerlərini tərk etməli olublar.
Bununla bağlı 1990-cı ildə Naxçıvan MSSR Nazirlər Soveti öz qərarında qeyd edirdi ki, uydurma Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq, Ermənistan SSR-dən qovulmuş 200 min azərbaycanlılarla yanaşı, Naxçıvan MSSR-in İliç rayon Kərki kəndində yaşayan 96 ailə erməni quldurları tərəfindən öz torpaqlarından çıxarılmışdır. Qovulan ailələrin 64-nün muxtar respublika ərazisində yerləşdirilməsi zəruri hesab edilir.
Strateji yaşayış məntəqəsi olan Kərkinin didərgin düşən sakinlərinin bir qismi hazırkı Kəngərli rayonunun Yeni Kərki kəndində məskunlaşıb. Kərki sakinlərinin indi bir arzusu var - yenidən tarixi torpaqlarına qayıtmaq.
Qeyd edək ki, Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ermənistan hökuməti kəndin adını dəyişdirərək işğal zamanı öldürülən Tiqrenə görə Tiqranaşen adı verib.