150 min manatlıq fındıq ləpəsi oğurlayan “Naco” və dəstəsi yaxalandı - ZAQATALADA

Zaqatalada “Naco” ləqəbli oğrunun başçılıq etdiyi dəstə zərərsizləşdirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsi, Hacımurad Bolayev, Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən Maxaç Tahirovun vasitəsilə videokameraların qarşısını bağlayıblar. Fevral ayında isə ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoddan ümumi çəkisi 13 tondan artıq olan fındıq ləpəsini oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv