150 nəfərlik toya 250 nəfər çağırdı - CİNAYƏT İŞİ BAŞLANDI

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub. Polis əməkdaşları müəyyən edib ki, dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda 250 nəfər iştirak edib. Buna görə də obyekt sahibi Nofəl Heydərov barəsində cinayət işi başlanılıb.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib. Şadlıq evinin rəhbəri Rasim Salmanov barəsində də cinayət işi başlanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv