16 yaşında qaçırılan qızın başına nələr gələcək? - Qanun nə tələb edir ?
Cəlilabadda 16 yaşlı qız qaçırılıb. Azyaşlı anası və qardaşı ilə birlikdə qonşu kənddə yaşayan xəstə nənəsinə baş çəkməyə gedərkən, naməlum avtomobil onlara yaxınlaşıb və içindəki 4 nəfər qızı anasının gözü önündə zorla maşına mindiriblər. Hadisə ilə bağlı APA TV olaraq geniş material hazırlamışdıq. Sakinlərin və hadisə şahidlərinin də danışığından belə anlaşılır ki, baş verənlər kənddə kəskin etirazla qarşılanıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Məhəmməd Rzayev APA TV-yə açıqlamasında bildirmişdi ki, qaçırılan qızla görüş köçürülüb və o, valideynlərinin yanına qayıtmaq istəmədiyini deyib. Buna görə də, polis heç bir tədbir görə bilmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də təxminən eyni açıqlama verilmişdi. Bəs hər iki dövlət qurumunun açıqlaması nə dərəcədə qanedici sayıla bilər? 16 yaşlı birinin ailə qurmaq qərarı verməyə hüququ çatırmı? Bu cür hallarda hüquq nələri tələb edir? Hüquqşünas Şamil Paşayev deyir ki, bu cinayət işi olduğuna görə, şəxsin şikayətinin olub-olmamasının və yaxud ifadəsində hər hansı məlumatı verib-verməməsinin bir əhəmiyyəti yoxdur: "Adam oğurluğu cinayəti ağır cinayətlər kateqoriyasına aiddir.Yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədilməsi isə 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum etməyinə səbəb olur. Burda ictimai ittihamlı istintaq olunan cinayət işi olduğuna görə şəxsin şikayətinin olub-olmamasının və yaxud ifadəsinin hər hansı məlumatı verib verməməsinin bir əhəmiyyəti yoxdur. Şahidlər dindirilməlidir.Hal hadisə əgər adam oğurluğudursa,oğurluğa yönəlmiş, zorla törədilmiş hərəkətdirsə burada birmənalı olaraq cinayət işi başlanılıb, istintaq aparılmalıdır". Hüquqşünas onu da qeyd etdi ki, 16 yaşlı uşağın evlənmək istəməsini bildirməsi hadisəni törədənləri cinayət məsuliyyətindən yayındıra bilməz. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da deyir ki, bu cür hallarda uşağın qərarı həlledici sayıla bilməz. Çünki ona qarşı zorakılıq olmasa belə hansısa vasitələrlə aldadıb, şirnikləşdirib qərarına təsir edə bilərlər. Azyaşlıların qərarı yalnız zorakılıq və valideyn seçmə kimi hallarda üstün tutulmalıdır: "Orda polis addımının ola bilər ki, əsaslı olsun bu səbəblə ki, uşağın qərarı bütün qərarlardan üstündür. Amma evlillik məsələsində qanuna uyğun olaraq uşağın 18 yaşı olduqda evlənməsinə icazə verilməlidir. Uşaq qaçıralarkən qorxu, ola bilsin hansısa hədələr ehtimal oluna bilər. Bizim tələbimiz budur ki, qanunvericiliyə uyğun olaraq uşaq oradan çıxarılsın, sığıncağa yerləşdirilsin, mütəxəssislər onunla işləsin vəziyyət qiymətləndirildikdən sonra hansısa qərar verilsin. Bu addım həyata keçirilməlidir. Burda məcburi qaçırılma varsa, bu başka bir aspektdir. Zorakı yolla qaçırtma artıq oğurluqdur. Əgər qız könüllü getsəydi, hardasa yoldan çıxıb gedərdi, ancaq qız bu addımı atmayıb və göründüyü kimi məcburiyyət olub". Mehriban Zeynalovanın fikrincə, bu cür məsələlərdə yanaşma yekdil olmalıdır. Çünki söhbət bir azyaşlının gələcək taleyindən gedir. Üstəlik, qanunların tələbi də məlumdur. Mütəxəssis düşünür ki, həmin azyaşlı ilə öncə psixloq işləməli, bu halda isə nə valideyn, nə də digər tərəf onunla görüşməməlidir. Bütün prosedur bitdikdən sonra o, qanunun icazə verdiyi formada şəxsi qərarını verə bilər.