"160 ailə müraciət etdi" - Selə görə 27 nəfər təxliyə edilib

"160 ailə müraciət etdi" - Selə görə 27 nəfər təxliyə edilib - APA TV Cənub bölgəsinə yağan intensiv yağışlar Astara və Lənkəran rayonlarında ciddi fəsadlar törədib. Lənkərançay məcrasından çıxıb. Lənkəran rayonunun əsasən Sütəmurdov kəndi, şəhərin Vüqar Kərimov küçəsi və çay kənarında olan evlər, həyətyanı sahələr sel suları ilə dolub. İntensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində də bir sıra fəsadlar törədib. Ərçivançayın daşması nəticəsində 200 - ə yaxın ailənin həyətyanı sahələrinə sel suları dolub. Acınacaqlı vəziyyət daha çox qəsəbənin Şəhid Baba Qasımov, Qurtuluş, Azadlıq, Sahib Kələntərov və Bəxtiyar Əliyev küçələrində müşahidə olunur. Bəzi yerlərdə suyun səviyyəsi 1 metr 50 sm-ə kimi qalxıb. Sel nəticəsində fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Problemlərin aradan qaldırılması üçün FHN – nin Cənub Regional Mərkəzinin Mülkü Müdafiə, Xüsusi Riskli xilasetmə qüvvələri, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dəstələri, eləcə də yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi ərazilərə cəlb olunub. Görülən tədbirlər nəticəsində bəzi həyətlərdə suyun enməsi müşahidə olunur. Qeyd edək ki, bölgədə yağış qismən səngiyib. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

Müəllif | Apa.Tv
Apa.tv