18 yaşlı şəhidin adını qardaşı oğlu daşıyacaq - REPORTAJ
Hikmət Nuriyev şəhid olanda 44 günlük Vətən Müharibəsinin ikinci günü idi.
APA TV-nin məlumatına görə, döyüşçü yoldaşları deyir ki, 18 yaşlı Hikmət hərbi xidmətdə olduğu 6 ay ərzində müharibənin başlayacağı, düşməndən Xocalı qurbanlarının intiqamı alınacaq günü iplə çəkirmiş.
Və həmin gün yetişir. Mənfur düşmən təxribatına cavab olaraq müzəffər Azərbaycan Ordusu bir gecədə düşmən keçilməz hesab etdiyi sədləri darmadağın edərək, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edir.
Gənc Hikmət də həmin döyüşlərin ən gərgin nöqtələrində xidmət aparır. Döyüşlərdə neçə-neçə erməni hərbi qulluqçusunu məhv edən Hikmət Nuriyev torpaqlarımızın işğaldan azad olunmasında xüsusi fəallıq göstərir. Ta ki sentyabrın 28-nə kimi. Həmin gün xain düşmənin minaatandan atdığı mərmi Hikmət Mübariz oğlu Nuriyevin həyatına son qoyur...
Hikmət Mübariz oğlu Nuriyev 2002-ci ilin Lerik rayonunun Tikəban kəndində dünyaya göz açıb. Ailəsi ilə birlikdə Bakıya köçən Hikmət 2008-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsindəki şəhid İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Ailənin 3 övladından ən kiçiyi olan Hikmət orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb.
Şəhidin atası Mübariz Tahirov deyir ki, Hikmət hərbi xidmətdə olan zaman onlara heç vaxt harada olduğunu deməyib. Belə telefon danışıqlarından sonuncusu müharibədən bir neçə gün əvvələ təsadüf edib: “Oğlumla axırıncı dəfə sentyabrın 5-də danışmışam. O, müharibədən, cəbhədən, ümumiyyətlə, hərbidən mənə heç bir söz deməyib. Yəni mən burda nə iş görürəm, haradayam. Heç nə demirdi. Ancaq deyirdi ki, əsgərəm, təlimdəyəm”.
Anası Nargilə Nuriyeva Hikməti vətənpərvər bir oğul kimi xatırlayır: “Hikmət gözəl bir övlad idi. Çox zəhmətkeş idi. Valideynlərinin, böyük-kiçiyin hörmətini saxlayan bir övlad idi. Hikmətin arzuları çox idi. Ən böyük arzusu o idi ki, hərbi xidmətdən qayıdan sonra işləyib özünə maşın alsın. Bu ən böyük arzusu idi”.
Hikmət noyabrın 2-də, anasının ad günündə bir neçə günlük evə gəlməyi də planlaşdırırmış. Şəhidimizin anası Nargilə xanım deyir ki, oğlu hərbi xidmətinin 6-cı ayından sonra məzuniyyətə gəlməli imiş. Amma... “Axırıncı dəfə danışanda soruşdum ki, nə edirsən oralarda. Artıq mən eşitmişdim ki, müharibə başlayacaq. Ondan soruşdum ki, müharibə başlayacaq? Onun mənə sözü bu oldu ki, ana, bunu sənə kim deyib. Müharibə başlasın da. Biz bu Vətənin övladıyıq. Biz hərbi xidmətə Vətəni qorumaq üçün gəlmişik. Elə bir şey yoxdur. Heç o, hərbinin sirrini bizə demədi. Sonuncu sözü o oldu ki, ana, mənim sənə böyük bir sürprizim var. Dedim, mənə de. Dedi ki, ana, sənin ad günündə evə gələcəyəm. Amma ad günümdə gələ bilmədi”.
Hikmət şəhid olub ən yüksək zirvəyə ucalsa da, onun adı daim əbədi yaşayacaq. Həm qəlblərdə, həm də böyük qardaşının yenicə dünyaya göz açmış oğlunun adında...
Balaca Mübariz də doğma əmisi kimi böyüyüb məktəbə gedəcək. Hərbi xidmətə yollanıb əmisinin işğaldan azad etdiyi torpaqlara ayaq basacaq.
Şəhidimizin atası Mübariz Tahirov deyir ki, övlad itkisi nə qədər ağır olsa da, yenidən müharibə olacağı təqdirdə, iki övladı ilə birlikdə döyüşlərə qatılmağa hazırdır: “Bütün şəhid valideynlərinə üzümü tutub deyirəm ki, bizim prezidentimiz bizim milli qəhrəmanımızdır. Onun siyasəti ilə, xalqla dövlətin əl birliyi ilə erməniləri öz Vətənimizdən, öz torpaqlarımızdan qovduq. Bu, bizim prezidentimizin siyasətidir. Mən öz ölkəmi sevirəm. Dövlət başçısını sevməyən torpağını sevə bilməz. Bundan sonra da prezidentimiz qərar versə, mən 2 oğlumla birlikdə döyüşməyə hazıram. Hələ bir balaca nəvəm də yetişir. O da Hikmətin adını daşıyır”.
Hikməti tanıyanlar, ailə üzvləri, yaxın dostları onu gülərüz, mehriban, xeyirxah və bir o qədər də vətənpərvər bir gənc kimi xatırlayırlar: “Tanımadığı adam belə ondan yarım istəyəndə gedib kömək edirdi. Çox qeyrətli oğul idi. Mən hələ onun kimi fərasətli uşaq görməmişəm. O, harasa gedəndə birinci mənim evimə gəlirdi. Özü də mənə mama deyirdi. Anasına ana deyirdi, mənə mama deyirdi. Deyirdi ki, mama, mən hara getsəm, birinci sənə deyərəm. Hikmət hara gedirdisə, birinci mənim qapımı açırdı. Bax, belə uşaq idi Hikmət”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Hikmət Mübariz oğlu Nuriyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin!
Həmidağa Məcidov,
Musa Qulammirzəyev,
APA TV