19 şəhidin heykəlini yaradan heykəltəraş qardaşlar - REPORTAJ

Heykəltəraşlıq insanın nəcib əməllərini, şərəf və şöhrətini əsrlər boyu yaşadan ən gözəl sənət növlərindən sayılır.

Masallının Qasımlı kəndində yaşayan İlqar Balayev 40 ildən çoxdur ki, təsviri incəsənət sahəsində xüsusilə ağacoyma sənətində bir-birindən maraqlı nümunələr hazırlayıb.

APA TV-nin xəbərinə görə, ailə başçısı vətənpərvər ruhda böyütdüyü övladları Aqşin və Müstəqilə 5 yaşlarından sənətin incəliklərini öyrədib.

İndi onlardan biri Rəssamlıq Akademiyasının tələbəsi, digəri isə məzunudur. Heykəltəraş qardaşların hələlik son əl işi Vətən Müharibəsinin yeganə şəhid xanımı Arəstə Baxışovanın büstüdür. Büstün gildən hazırlanmasına bir həftəyə vaxt sərf olunub.

Heykəltəraş Müstəqil Babayev qardaşı ilə birlikdə bir çox şəhid heykəlləri hazırladığını deyir: “Hal-hazırda Arəstə Baxışovanın heykəlini hazırlamışam. Tək qadın şəhid olduğu üçün ürəyimdən keçdi ki, onun heykəlini hazırlayam. Biz şəhidləri heç vaxt ayırmırıq, bizim üçün hamısı eynidir. Bir həftədir ki, heykəl üzərində işləyirəm, hazırda materiala çevirmək işi qalıb”.

Qeyd edək ki, ordumuzun hərbi tibbi çavuşu olan Arəstə Baxışova Vətən Müharibəsinə könüllü olaraq yollanıb. Oktyabrın 23-də Qubadlının azadlığı uğrunda gedən döyüşlər zamanı yaralı hərbiçiləri döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb. Onun əziz xatirəsini əbədiləşdirmək üçün hündürlüyü 65 sm olan büst hazırlayan Balayev qardaşları şəhid xanımın heykəlini də yaratmaq arzusundadırlar: “Qardaşımla gecə-gündüz çalışırıq ki, şəhidlər üçün nəsə edək. Bizim də əlimizdən gələn budur və bunu özümüzə borc bilirik”.

Heykəltəraş qardaşlar bu vaxta kimi 19 şəhidin təsviri olan heykəltəraşlıq nümunələrini yaradıblar. Aqşin Balayev onlardan birini də Tovuz döyüşlərinin bütün şəhidlərinə həsr etdiklərini deyir: “Qardaşımla bir yerdə, iyul ayında gedən döyüşlərdə şəhid olan əsgərlərimizin barelyeflərini işləmişik. Anar Novruzov, Polad Həşimov, İlqar Mirzəyevin heykəllərini düzəltmişik. Burada da kompozisiya vermişik ki, o vaxt ümidimiz var idi ki, qələbə olacaq”. 

Hazırda qardaşlar Vətən Müharibəsində qazanılmış Böyük Zəfərimizə aid olan yeni bir kompozisiya üzərində çalışırlar. Azərbaycan xəritəsi formasında olacaq barelyefin hazırlanmasına bir aydan çox vaxt sərf edəcəklər.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv