19 yaşlı şəhidin ən böyük arzusu: “Pul qazanıb internat uşaqlarına xərcləyəcəm” - REPORTAJ

Onun da öz arzuları, öz xəyalları var idi. Amma tale elə gətirdi ki, 19 yaşında Vətən uğrunda şəhid olan Xaliqin bu xəyalları da nakam ömrü kimi yarımçıq qaldı.

 

APA TV-nin məlumatına görə, bu gün sizə 19 yaşa sığmayan bir qəhrəmanlıq nümunəsindən, son nəfəsinədək əlini silahının tətiyindən ayırmayan şəhid Xaliq Hüseynovun həyat hekayəsindən söhbət açacağıq.

 

Sentyabrın 27-də başlanan Vətən Müharibəsindəki döyüşlərdə bir sıra ərazilərimizin işğaldan azad edilməsində xüsusi şücaət göstərən Xaliq oktyabrın 16-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Gəlin onunla yaxından tanış olaq.

 

Xaliq Kamil oğlu Hüseynov 2001-ci il sentyabrın 20-də Nardaran qəsəbəsində doğulub. Hüseynovlar ailəsinin 4 övladından ikincisi olan Xaliq 2008-ci ildən Nardaran qəsəbəsindəki 295 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2017-ci ildə təhsilini başa vurduqdan sonra çilingər ixtisasına yiyələnib. Gənc Xaliq 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edən Xaliq Hüseynov Vətənə sevgisi ilə, nizam-intizamı ilə, əsgər yoldaşları arasında qazandığı hörmətlə nümunəvi əsgər kimi şöhrət qazanıb.

 

Şəhidimizin atası Kamil Hüseynov bildirir ki, oğlunun uşaq yaşlarından hərbçi olmağa marağı olub: “Xaliqin Vətən sevgisi böyük idi. Əsgər getməmişdən qabaq deyirdi ki, oxuyub hərbçi olacağam. Gec-tez bu torpaqlar alınmalıydı. Döyüşdə də itki verməsən, torpaq ala bilməyəcəksən. Oğlumun taleyinə belə yazılıbmış”.

 

Qəhrəmanımızın atası deyir ki, Xaliqlə sonuncu telefon danışığında o bildirib ki, müharibədən sonra da hərbidə qalıb xidmət etmək istəyir: “Deyirdim ki, yanına gəlim. Deyirdi ki, karantin məsələsinə görə görüş yoxdur. O vaxtdan Xaliqin yanına gedə bilmədim. Onunla axırıncı dəfə bu hadisə olmamışdan bir gün əvvəl telefonla danışmışdıq. Mənimlə danışanda belə demişdi ki, istəyirəm qalım oxuyum burada. Xidmətdən artıq qalıb Vətənə xidmət etmək, zabit olmaq istəyirdi”.

 

Şəhidimizin böyük qardaşı İsmayıl Xaliqin cəbhədə göstərdiyi qəhrəmanlıqla qürur duyduqlarını bildirir. Onun sözlərinə görə, qardaşı Xaliq də daxil olmaqla 6 Azərbaycan əsgəri erməni postuna girib və 50 erməni hərbçisini məhv edərək, döyüş postunu düşməndən azad edib: “O, bir az xeyirxahlığı sevən uşaq idi. Qardaşım həmişə gülərüz idi. Arzusu o idi ki, gəlsin işləsin, pul qazansın. Xaliq maşın ustası idi. Qazandığı pulu da internata aparıb oradakı uşaqlar üçün xərcləsin. Həmişə deyirdi ki, əsgər gedim gəlim, internat uşaqlarına köməklik edəcəyəm”.

 

Qardaşı deyir ki, Xaliq sanki hərbçi olmaq üçün doğulmuşdu: “Dərslərini normal oxuyurdu. Amma ən çox idmanla məşğul olmağı çox sevirdi. Bir müddət cüdo ilə məşğul olub. Hətta biz onunla telefonla danışanda deyirdi ki, fərqlənmə almışam orada. İdmançı olduğuna görə hərbi xidmətdə bir neçə dəfə fərqlənmə alıb”.

 

Xaliqin qohumları, doğmaları onu gülərüz, mehriban, bir o qədər də qoçaq bir yeniyetmə kimi xatırlayırlar:

 

- Allah onu elə yaratmışdı ki, bu, ancaq şəhidliyə layiqli bir insan idi.

 

- Vallah, bizim üçün çox çətindir danışmaq. Yenə də yaxşı ki, torpaqlarımız azad olundu. Xaliq çox qoçaq uşaq idi. Yaddaşımda gülərüz, zarafatcıl, qohum-əqrəbanın xətrini istəyən biri kimi qalıb. 19 il ömür sürüb. Çox mehriban uşaq idi.

 

- Dərslərini yaxşı oxuyurdu, 5-4 qiymətləri alırdı. Əsgərliyə getmək istəyirdi deyə ali təhsil almaq fikrindən daşındı. Təbii ki, yaxını olaraq üzücü hislərdir. Amma biz Xaliqlə fəxr edirik. Bütün ailəmiz, bütün kənd, hər kəs onunla qürur duyur.

 

Sentyabrın 27-dən cəbhənin müxtəlif istiqamətlərində uğurlu döyüş əməliyyatlarında iştirak edən Xaliq Hüseynov oktyabrın 16-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində əsgər yoldaşı Məhərrəm İbrahimli ilə birlikdə mərmi partlayışı nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Xaliq Hüseynov bir gün sonra doğulduğu Nardaran kəndində dəfn olunub. Allah rəhmət eləsin!

 

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv