2 il əvvəl çəkilən yol niyə yoxa çıxıb?

Kürdəmirdə yeni çəkilən yol istifadəyə yararsız hala düşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, 2 il öncə istifadəyə verilən Kürdəmir rayonunun Qarasu və Şilyan kəndlərinə aparan yol dağılıb gedir. Sakinlər deyir ki, yolun çəkilişinə başlayanda sürücülər başda olmaqla bütün kənd sakinləri çox sevindik. Dedik yolumuz çəkilib hazır olandan sonra rahat, vaxt itirmədən, az xərclə mənzil başına çatarıq. Amma bu sevincimiz çox çəkmədi. Artıq yollar dağılıb gedir. Sakinlər bildirir ki, təxminən 16 kilometrlik yolun 7 kilometri 2 kəndin daxili yoludur. Qalan 9 kilometr yol isə əsas magistral yoldan kəndin girəcəyinə kimi olan yoldur. Camaat deyir ki, kənd daxili yollar hazırda yaxşı vəziyyətdədir. Ancaq 9 kilometrlik yolda artıq yolluq qalmayıb. Kürdəmir rayonunun Mollakənd kəndində isə kənd sakinləri yola asfalt örtüyünün vurulmasını istəyirlər. Onlar deyir ki, yol bərbad vəziyyətdir. Qışda palçıqdan yayda da tozdan kənd yoluna çıxmaq mümkün deyil. Məsələyə münasibət bildirən Kürdəmir rayon 21 saylı Yol İstismar İdarəsinin direktor müavini Damət Əşrəfov adı çəkilən kəndlərdəki yol problemindən xəbərdar olduqlarını deyir. Müavin qeyd etdi ki, Qarasu və Şilyan yoluna baxış keçirilib və ərazidə dağılmış hissələr bərpa edilib. Mollakənd yoluna gəldikdə isə həmin yolun asfaltlanması hələ ki, planda deyil. Əziz, Mollakənd camaatı, ümid dolu gözlərinizi yollardan çəkin, deyilənlərdən aydın olur ki, bu yolda hələ çox palçıq əzəcəksiniz. Qarasu və Şilyan sakinləri isə indi bir suallarının müsbət cavabından ümidini üzüb bir suala cavab axtarır: Bu yoldakı təmirlər nə vaxt başa çatacaq?

Müəllif | Apa.Tv
Apa.tv