20 Yanvarda dənizçilərin göstərdiyi qəhrəmanlıqdan bəhs edən film çəkilir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “20 Yanvar” faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib.
APA TV-nin məlumatına görə, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən cəmiyyətin sədri Rauf Vəliyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanması və Daxili Qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşilik törədib, yüzlərlə azərbaycanlı əlil olub, itkin düşüb.
Onun sözlərinə görə, ASCO-nun təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqdan bəhs edən filmin çəkilişlərinə bir ay sonra start veriləcək. Əməkdar incəsənət xadimi Elxan Cəfərovun quruluş verdiyi filmdə baş rolu, xalq artisti Fəxrəddin Manafov canlandıracaq. Əsas rollardan biri də xalq artisti Rasim Balayevə həvalə edilib. Filmin çəkilişlərində Azərbaycan, Latviya, Belarus, Gürcüstan, Ukrayna və Rusiyanın peşəkar kino nümayəndələri iştirak edəcəklər: “Qeyd etmək istərdim ki, film istehsal prosesindədir. Hələ çəkilişdən öncəki işlər gedir. Film 20 Yanvarda Xəzər Dəniz Gəmiçiliyinin kapitanlarının göstərdiyi şücaət və qəhrəmanlıq haqqında olacaq. Bizim quruda baş verən hadisələr barədə məlumatımız var, təəssüf ki, dənizdə baş verən şücaət barədə geniş tamaşaçı kütləsinin məlumatı çox deyil”.
Qeyd edək ki, filmdə əsas hadisələr 20 Yanvar faciəsi günü yaradılmış 7 nəfərdən ibarət Kapitanlar Şurasının ətrafında cərəyan edəcək.
İsa İsmayılov,
Musa Qulammirzəyev,
APA TV