2000-ə yaxın sakin mavi yanacaq həsrətindədir

30 ilə yaxındır ki, Ağcabədinin Poladlı, Taynaq, Sarıcalı kəndləri təbii qaza möhtac qalıb. Kəndlərin 2000-ə yaxın sakin sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də heç bir nəticə əldə etməyiblər. Qış mövsümündə daha çox əziyyət çəkən sakinlər evləri isitmək üçün odun sobalarından istifadə edir. Sakinlərin sözlərinə görə, odun tapmaq özü də çətin məsələdir. Odunu ya pulla alır ya da yaxın ərazilərdə yerləşən yaşıllıqları, öz həyətlərində əkilmiş meyvə ağaclarını doğrayırlar. Oduna xərclənən pullar isə ciddi maddi sıxıntı ilə üz-üzə qoyur.

-Bizim bu kənddə 1992-ci ilə qədər qaz olubdur. 1992-də müharibə şəraitinə görə qaz kəsildi. Borular söküldü. Ondan bəri qalmışıq bax belə. Odun ocaq ümidinə qalmışıq. Odun-ocaq da yoxdur. Hər şey də bahadır... Gətirirlər, çör-çöpü 400 manata. Onu da alıb istifadə edə bilmirik.

-1992-ci il təvəllüdlüyəm, gözümü açandan bu problemin içindəyəm. Gedirik odun almağa, yolda bizi saxlayırlar – ekologiya... cərimələyirlər bax bu vəziyyətdə dolanırıq. Zülmlə, bax bayaqdan əlim qanaq-qanaq olub. Burada iki qazel odundur. Birini pulla almışam birini də qapıdakı ağacları doğramışam.

Məsələ ilə bağlı Tərtər Regional Qaz İstismarı İdarəsi ilə əlaqə saxladıq. İdarənin baş mühəndisi Salman İsmayılov bildirdi ki,  sözü gedən problemdən xəbərdardırlar və həmin kəndlərin 2023-cü ildə qazla təmin olunması nəzərdə tutulub. 

 

Müəllif | Apa.Tv
Apa.tv