2021-ci ilin yaşayış minimumu 196 manat, ehtiyac meyarı 170 manat olacaq

2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilir.

 

APA TV-nin məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

 

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.

 

Gələn ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği də açıqlanıb.

 

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

 

2021-ci il üçün Milli Məclisin xərclər smetası isə 42 milyon 270 min 400 manat nəzərdə tutulur.

 

İclasda 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv