2023-cü ildə TDƏŞ Baş Prokurorları Şurasının növbəti iclasının keçiriləcəyi ölkə məlum oldu

“Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində faydalı əməkdaşlıq həyata keçirilir”.

APA TV-nin məlumatına görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib.

Baş Prokuror qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq əksini tapıb. Bu, konkret cinayət işlərində yardım, hüquqi vəsatətlərin göndərilməsi, ekstradisiya məsələlərində əməkdaşlığın daha intensiv həyata keçirilməsi ilə bağlıdır.

Kamran Əliyev deyib ki, ikinci istiqamət prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının, ölkələrin qarşılıqlı olaraq hüquq sisteminin öyrənilməsini, faydalı olarsa, bu təcrübələrin qarşılıqlı tətbiqini nəzərdə tutur.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çol-Kyu Hvan isə deyib ki, Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Baş Prokurorluğu sıx əməkdaşlıq edir: “2024, yaxud 2025-ci ildə Azərbaycanda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransı keçiriləcək. Tarix yaxın günlərdə dəqiqləşəcək”.

Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Bekir Şahin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının növbəti iclasının 2023-cü ildə İstanbulda keçiriləcəyini deyib.

Bekir Şahin nəzərə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası və Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlıq cinayətkarlığa qarşı effektiv mübarizədə mühüm rol oynayacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimov bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının yaradılması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi məqsədlərinə uyğundur:  “Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti olacaq. Türkmənistan bu iclasda Türk Şurasına müşahidəçi statusda qoşulacaq. Ona görə də prokurorluq orqanları arasında əməkdaşlığın da effektiv olacağına inanırıq”.

Mirvoxid Azimov əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin toplantısının keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilib. İclasda Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikalarının Baş Prokurorları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi baş tutub.

Müəllif | Apa.Tv
Apa.tv