21 ay qardaş ölkədə müalicə alan qazimiz vətənə döndü

44 günlük vətən müharibəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazimiz Goranboy rayonunun Borsunlu kənd sakini Elmar Nəsirov bu gün vətənə geri dönüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, qazimizin müalicənin bir hissəsi uğurla yekunlaşıb.  O, ümumilikdə bu günə qədər 14 dəfə əməliyyat edilib. Elmar Nəsirov 10 gün sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə geri qayıdacaq.

Elmar Nəsirov Borsunlu kənd qəbiristanlığında öz silahdaşlarının məzarını ziyarət edib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Elmar Elmir oğlu Nəsirov Goranboy rayonunun Borsunlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan vətən müharibəsində 3 ayın əsgəri olub. Özü könüllü olaraq döyüşlərə qatılıb. Müharibənin 30-cu günündə Füzuli -Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.

Qazimiz 2021 ci illin mart ayının 25 -dən "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib və müalicəsi davam edib. 21 ay qardaş ölkədə müalicə alıb.

Xatırladaq ki, Elmar Nəsirov “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və “Cəsur Döyüş ”çü medalları ilə təltif edilib.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV,  Goranboy

 

Müəllif | Apa.Tv
Apa.tv