21 fevral - Beynəlxalq Ana Dili günüdür
21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir.
APA TV xəbər verir ki, bu gün 1999-cu ildə UNESCO tərəfindən təsis edilib.
Ana dilinə məhəbbət hissi ailə ocağından formalaşmağa başlasa da, sonrakı əsas mərhələ orta məktəb divarları və ali təhsil müəssisələrinin auditoriyalarında davam etdirilir.
Mingəçevir şəhər Texniki Humanitar Liseyinin əməkdaşı, əməkdar müəllim Yaşar İsmayılov deyir ki, yeni qaydalar, orfoqrafik və izahlı lüğətlər, eləcə də arxaik ifadələrin lazımi səviyyədə şagirdlərə dərindən anladılması dilə sevgi hisslərinin daha da möhkəmlənməsinə təkan verir.
Yaşar İsmayılov bəzi dərsliklərdə xoşagəlməz hallarla bağlı məqamlara da diqqət çəkir. Onun sözlərinə görə, pedaqoqlar bütün hallarda ən doğru, peşəkar yanaşma nümayiş etdirməlidirlər: “Ola bilər ki, bizim razılaşmadığımız məqamlar ola bilər. Amma biz bunu özümüz müəllim yoldaşları ilə müzakirə edirik. Bu gün Təhsil nazirliyi çox böyük təşəbbüs irəli sürüb. Hər bir müəllim öz fikirlərini bildirə bilər, iradlarını bildirə bilər. Dərsliklərlə bağlı monitorinqlər keçiriləndə biz də öz fikirlərimizi bildirə bilərik. Çox sağ olsunlar ki, onlar müəllimlərin fikirləri ilə də şərik olurlar”.
Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov isə bildirir ki, ali təhsil ocaqları, ana dilinə yeni tədris statusu verir, dilçiliyin gələcəyi üçün yeni inkişaf zəminləri hazırlayır. O, dilçilik sahəsində çoxsaylı elmi məqalə və kitabların müəllifi olaraq hazırda çalışdığı Mingəçevir Dövlət Universitetində tələbələrin dilçiliklə bağlı elmi axtarışlara köklənməsinə ciddi cəhdlə səy göstərir. Müəllim cəhdlərinin nəticəsiz qalmadığını deyir: “Keçən ilin bəlkə də ən böyük uğurlarından biri 3-4-cü kurs tələbələrinin Azərbaycan dilinin Qarabağ şivələrinin lüğətini hazırlaması olub. Deməli, Mingəçevirdə təxminən 20 minə yaxın Qarabağ qaçqını yaşayır. Onlar özləri ilə Qarabağın sözlərini, Qarabağın ab-havasını gətiriblər. Ola bilsin ki, təxminən 5-10 ildən sonra artıq bu sözlər it-bata düşəcəkdir. Bir tədris ilində tələbələrimiz 3 mindən artıq Qarabağ şivəsində işlənən sözləri tapdılar topladılar. Və institut rəhbərliyinin köməkliyi ilə biz bunu kitab şəklində dərc etdirdik”.
Namaz Manafovun fikrincə, Mingəçevir Dövlət Universiteti tələbələri ölkədə bir ilkə imza ata biliblər. O, belə axtarışların bundan sonra da davam etdiriləcəyini deyir.