23 yaşlı Ucarlı rəssamın arzuları: “Böyük sərgilərdə iştirak etmək istəyirəm”
Ayaqlarındakı problem onun yeriməsinə çətinlik yaratsa da 23 yaşlı İslam Əhmədlini Ucarda demək olar ki, tanımayan yoxdur. Öz sənəti ilə, əl işləri ilə məşhurlaşan İslam uzun zamandır ki, rəssamlıqla məşğuldur. Uşaq vaxtlarından bu sənətə həvəskar kimi başlasa da, artıq peşəsində yetərincə təcrübəsi var. Ali təhsilini də məhz bu istiqamətdə alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hal-hazırda rəssamlıq üzrə magistr təhsili alan qəhrəmanımız dünyanı gəzmək, yeni-yeni fikirlər qazanmaq və onların rəsmini çəkmək istəyir.
Milli təcrübəmizlə yanaşı, həm də xarici rəssamların əl işlərini izləyən İslam Əhmədli onların düşüncələri ilə milli ruhumuz arasındakı oxşar və fərqli cəhətləri araşdırır. Onun əsas məqsədlərindən biri də böyük sərgilər keçirmək və əsərlərini baha qiymətə satmaqdır.
Qeyd edək ki, rəssamın əl işlərinin əksəriyyəti sərgidə nümayiş etdirilməsi üçün paytaxta aparılıb. Lakin mövcud vəziyyət səbəbindən sərgi təxirə salınıb. Rəsm qalereyasında Ümummilli Liderimizin, ölkə başçısının, ölkəmizin birinci xanımının da əsrarəngiz şəkildə işlənmiş əsərləri yer alır.
Pandemiya şəraiti bitdikdən sonra sərgiyə tam hazır olduğunu deyən İslam onu da bildirdi ki, gəzməkdə çətinlik çəkməyi onun üçün heç də kompleks yaratmır. “Sahib ola bilmədiklərimə üzülməkdənsə, sahib olduqlarıma sevinirəm”, deyən bu gənc hər kəsə öz istəyinin ardınca getməyi tövsiyə edir.
Zahid Abışov
Devran Əsgərov
APA TV