24 yaşlı gəncdən yenilik – QEYRİ-ADİ VELOSİPED DÜZƏLTDİ

Salyan sakini qeyri-adi velosiped düzəldib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına  görə, iki ramalı, iki təkərli və iki zəncirli velosipedin cəlbedici dizaynı var. Şəhər küçələrində velosipedi görən hər kəs ayaq saxlayaraq maraqla 24 yaşlı Aqil İbrahimov düzəltdiyi bu velosipedə tamaşa edir.

Mingəçevir turizm kollecini bitirən, hazırda Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olan Aqil İbrahimovun uşaqlıqdan velosipedə böyük marağı olub. Qeyri-adi velosiped düzəltməyin arzusunda olan Aqil öz istəyini reallaşdıra bilib: “Fikirləşdim ki, elə bir şey ortaya çıxardım ki, yəni, hamı sırf ona baxsın, sırf onu müşahidə etsin, yəni hardan alınıb, necə alınıb, necə düzəldilib, kimindi bu?”

Əsas hissələrini qaz borularından düzəldən və bəzi hissələrini mağazadan alaraq quraşdıran Aqil  İbrahimov velosipedi 1 həftəyə ərsəyə gətirib. Aqilin hazırladığı bu velosiped həm görünüşü, həm də üzərindəki aksesuarları ilə diqqəti cəlb edir: “Rama, yəni sırf bu hissələr 20-lik ölçü turbalardan yığılıb, 15-lik turba ilə birləşib svarka vasitəsi ilə. Bunların hamısı 15-lik turbaynan hamısı düzəlib. Adi velosiped 28-dən böyükdür. Getməyi olardan əladır. Ümumiyyətlə bu velosiped uzun səfər üçündür. Yəni nəyə görə? İki təkərdi, yəni 1 təkər partlayanda o biri təkər aparır, 1 sepi qırılanda o biri sep bunu aparır”.

Aqil gələcəkdə şüşədən velosiped düzəltməyi də planlaşdırır.

 

Müəllif | Apa.Tv
Apa.tv