27 illik işğala son! – ORDUMUZ KƏLBƏCƏRƏ İKİ İSTİQAMƏTDƏN DAXİL OLDU
27 ildən sonra Kəlbəcər rayonu işğaldan azad olunub. Hazırda biz Göygöl rayonunun Toğana kəndindəyik. Buradan Azərbaycan Ordusunun texnikaları Kəlbəcər istiqamətinə gedirlər.
Kadrlardan da göründüyü kimi, Azərbaycan Ordusu Kəlbəcərə daxil olaraq 27 illik işğala son qoyub.
APA TV-nin yerli bürosunun məlumatına görə, ordumuzun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna doğru hərəkət edib:
- Kəlbəcərə gedirik, Kəlbəcərə... İnşallah. Üçrəngli şanlı bayrağımızı Kəlbəcərə sancacağıq. 27 ildən sonra qələbə və torpaqlarımıza qovuşduq.
- Neçə illərdir, həsrətində olduğumuz torpaqdır. Cənab Ali Baş Komandanın əzmi nəticəsində alınan torpaqlarımıza geri dönürük, inşallah. Allahın köməkliyi ilə...
- 30 ildir işğal olunmuş torpaqlarımıza geri dönürük. Allah liderimizin canını sağ eləsin ki, bu günü bizə bəxş elədi.
Ordumuzun hərəkət istiqamətləri haqqında məlumat verən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri artıq başa çatdırılıb. Qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: “Bilirsiniz ki, Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündür ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər boşaldılıb və rayon Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
FUAD NAZİMOĞLU,
MEHDİ MƏMMƏDOV,
APA TV