27 sentyabrdan indiyədək nə qədər mina və PHS zərərsizləşdirildiyi açıqlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.
Agentlikdən APA TV-yə verilən xəbərə görə, Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Bildirilib ki, mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən etibarən aparılan əməliyyatlar zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8 972 ədəd piyada və tank əleyhinə minalar, 6 569 ədəd partlamamış hərbi sursatlar (PHS) aşkar olunaraq zərərsizləşdirilib.