270 illik əzəmət geri dönür - PREZİDENTİN İZİ İLƏ...
Şuşa... Hüsnünə, əzəmətinə, gözəlliyinə hər gəlişimdə yenidən məftun olduğum şəhərim.
Gündən-günə gözəlləşən, abadlaşan, əsrarəngizliyinə yenilik qatan Azərbaycanın ayrılmaz parças olan Şuşadayıq.
Bu il əzəmət qalamızın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək.
Beləcə təkcə hərbi-siyasi yolla deyil, həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək.
2022-ci il Şuşanın həyatında ən yaddaqalan illlərdən biri olacaq. Şuşa
festivallara, konsertlərə, müsabiqələrə, sərgilərə, poeziya gecələrinə, yubileylərə ev sahibliyi edəcək.
Bərpa işlərindən sonra Şuşamız həm də turizm mərkəzinə çevriləcək.
Şuşada Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır.
“Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidəyik. Bu ərazi köhnə şuşalıların dediyinə görə məhşur Dərzilər nəslinin malikanəsi olub. Sovet dönəmində isə gördüyünüz bu malikanə Şuşada təhsil alan qızlar üçün yataqxana kimi fəaliyyət göstərib. Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.
Şuşanın məhşur Mərdinli məhəlləsindəyik. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin qarşısındayıq. Şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəzalı vəziyyətdədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
Bütün Qafqazın musiqi beşiyi, mədəniyyət və incəsənət məbədi kimi tanınan dağlar gözəli Şuşa, səninlə sağollaşırıq.... Yenidən görüşmək diləyi ilə!